Yaponiyanın Osaka körfəzində dəniz üzərində inşa edilən Kansai Beynəlxalq Hava Limanı dünyanın ən iddialı mühəndislik layihələrindən biri hesab olunur.
Metbuat.az xəbər verir ki, 1994-cü ildə istifadəyə verilən hava limanı tamamilə süni ada üzərində inşa edilib. Layihə üçün milyonlarla kubmetr qaya, qum və digər doldurucu materialdan istifadə olunub. Lakin hava limanının yerləşdiyi süni ada zamanla çökməyə başlayıb və açıldığı gündən təxminən 3,8 metr aşağı düşüb. Mütəxəssislər bunu əsasən adanın altındakı yumşaq gil və lil təbəqələrinin sıxılması ilə əlaqələndirirlər. Problemin qarşısını almaq üçün mühəndislər ərazini daim monitorinq edir, xüsusi sementdən və əlavə dayaq sistemlərindən istifadə edirlər. Uçuş-enmə zolaqları və digər infrastrukturların səviyyəsi də mütəmadi olaraq tənzimlənir. Hava limanı 2018-ci ildə “Jebi” tayfununun yaratdığı daşqından da ciddi zərər görüb. Hadisədən sonra dəniz divarları və digər müdafiə sistemləri gücləndirilib.
Bütün çətinliklərə baxmayaraq, Kansai Beynəlxalq Hava Limanı davamlı texniki xidmət və mühəndislik həlləri sayəsində milyonlarla sərnişinə xidmət göstərməyə davam edir.