Moskvanın Presnenski məhkəməsi tanınmış bloqer Hüseyn Həsənov barəsində qiyabi qərar qəbul edib. Maliyyə vəsaitlərinin qanuniləşdirilməsi (yuyulması) ilə bağlı cinayət işinə görə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, həmçinin 1 milyon rubl məbləğində cərimə ödəməlidir. Təyin olunmuş cəza qiyabidir və məhkumun saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək.
Bundan başqa, məhkəmə bloqerə iki il ərzində internetdə materialların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib. Məhkəmənin qərarı ilə onun "Moskva-Siti" kompleksindəki apartamentləri müsadirə edilib. İstintaqın məlumatına görə, onların dəyəri təxminən 46 milyon rubl təşkil edir.
İstintaqın versiyasına görə, Həsənov fərdi sahibkar olaraq 170 milyon rubldan çox məbləğdə vergidən yayınıb, bundan sonra vəsaitin bir hissəsi leqallaşdırılıb. Daha əvvəl prokurorluq bloqerə qiyabi olaraq 6 il həbs cəzası istəmişdi.