Bakıətrafı qəsəbələrdə və Abşeron yarımadasının müxtəlif yaşayış məntəqələrində son aylarda bazar qiymətindən xeyli aşağı qiymətə torpaq sahələrinin satışa çıxarılması diqqət çəkir. Xüsusilə Ramana, Zabrat, Binə, Məhəmmədi, Digah və ətraf ərazilərdə bir sot torpağın 2-3 min manata təklif olunması bir çox vətəndaş üçün cəlbedici görünsə də, bu ucuzluğun arxasında ciddi hüquqi məhdudiyyətlər dayanır.
Metbuat.az bu mövzunu araşdıranda məlum olub ki, aşağı qiymətə satışa çıxarılan torpaq sahələrinin böyük hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Qanunvericiliyə əsasən, belə torpaqlar fərdi yaşayış evi, çoxmərtəbəli bina və ya kommersiya obyektlərinin tikintisi üçün nəzərdə tutulmayıb. Bu səbəbdən həmin ərazilərdə ev tikmək istəyən şəxslər sonradan ciddi problemlərlə üzləşirlər.
Məsələni daha da aktuallaşdıran əsas amillərdən biri tikintiyə və kommunal xidmətlərə dair qanunvericilikdə edilmiş dəyişikliklərdir. 2023-cü il oktyabrın 1-dən qüvvəyə minən qaydalara əsasən, tikintiyə icazəsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışı (“kupça”) olmayan fərdi ev və digər tikililər qaz, su, elektrik və istilik şəbəkələrinə qoşula bilməz. Bu da sənədsiz və ya qanunsuz tikilmiş evlərin istifadəsini faktiki olaraq mümkünsüz edir.
Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları da kifayət qədər sərtləşdirilib. Bu torpaqlarda yalnız kənd təsərrüfatı fəaliyyətinə xidmət edən, asanlıqla sökülə bilən yüngül konstruksiyalı tikililərin - anbar, çoban evi və digər müvəqqəti obyektlərin yerləşdirilməsinə icazə verilir. Dəmir-beton bünövrəli daimi yaşayış evlərinin inşası isə qanunvericiliyin tələblərinə zidd hesab olunur.
Məhz bu dəyişikliklərdən sonra kənd təsərrüfatı təyinatlı torpaqlara tələbat əhəmiyyətli dərəcədə azalıb. Əvvəllər vətəndaşlar sənədsiz torpaq alaraq üzərində ev tikməyə üstünlük verirdilərsə, hazırda həmin evlərə kommunal xidmətlərin verilməməsi belə torpaqların bazar dəyərinin aşağı düşməsinə səbəb olub.
Bundan başqa, qanunsuz tikililər üçün gələcəkdə əlavə risklər də mövcuddur. Şəhərsalma və torpaq qanunvericiliyinin tələblərinə uyğun olmayan, kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş evlər barədə müvafiq dövlət qurumları tərəfindən hüquqi tədbirlər görülə, bəzi hallarda isə onların sökülməsi ilə bağlı qərarlar qəbul edilə bilər.
Daşınmaz əmlak bazarı üzrə mütəxəssis Kamil Məmmədov vətəndaşlara torpaq alarkən təkcə qiymətə deyil, torpağın hüquqi statusuna da xüsusi diqqət yetirməyi tövsiyə edir: “Alqı-satqıdan əvvəl torpağın təyinatı, dövlət reyestrində qeydiyyatı, çıxarışının olub-olmaması və həmin ərazidə yaşayış evinin tikintisinə icazə verilib-verilməməsi mütləq araşdırılmalıdır”.
Ekspertin fikrincə, ilk baxışdan sərfəli görünən ucuz torpaq sahəsi sonradan alıcı üçün daha böyük maliyyə itkisinə səbəb olur. Çünki belə ərazilərdə tikilən evlər kommunal xidmətlərdən məhrum qala, rəsmiləşdirilməsində çətinlik yarana və gələcəkdə hüquqi problemlərlə üzləşə bilər. Buna görə də torpaq alışı zamanı yalnız qiymətə deyil, hüquqi təhlükəsizliyə də üstünlük verilməsini vacibdir.