İtaliyanın ən böyük göllərindən biri olan Qarda gölündə sürətlə çoxalan nəhəng yayın balıqları bölgənin ekosistemi və balıqçılıq təsərrüfatı üçün ciddi təhlükəyə çevrilib. Problemin qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları ümumi dəyəri 100 min avro olan xüsusi dəstək proqramına start verib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, proqram çərçivəsində yırtıcı yayın balıqlarının ovlanması ilə məşğul olan peşəkar balıqçılıq müəssisələrinə hər şirkət üzrə 20 min avroya qədər maliyyə dəstəyi ayrılacaq. Vəsait tam həcmdə qarşılanacaq və xüsusi ov torlarının, texniki avadanlıqların alınmasına, həmçinin tutulan balıqların saxlanılması, daşınması və satışının təşkili üçün istifadə oluna biləcək.
Mütəxəssislərin sözlərinə görə, qida zəncirinin ən üst pilləsində yer alan bu yırtıcı balıqlar göldə yaşayan yerli balıq növlərinin sayını sürətlə azaldır, bioloji müxtəlifliyə ciddi ziyan vurur. Güclü çənəyə malik olan nəhəng yayın balıqları balıqçı torlarını da tez-tez sıradan çıxarır ki, bu da balıqçılıq təsərrüfatlarına əhəmiyyətli maddi zərər vurur.
Qeyd edək ki, son illərdə Avropanın müxtəlif su hövzələrində yayılan yırtıcı növlərlə mübarizə gücləndirilib. İtaliya hökuməti bundan əvvəl Adriatik dənizində sürətlə çoxalan mavi xərçənglərin sayının azaldılması üçün də oxşar maliyyə dəstəyi proqramını həyata keçirmiş və bu üsul müəyyən nəticələr vermişdi.