Məşhur türkiyəli müğənni Zara musiqi karyerası ilə yanaşı təhsil həyatına da davam etdiyini açıqlayıb. 50 yaşlı sənətçi konsertindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən ikinci ali təhsil aldığını bildirib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın bir təhsil müəssisəsində alternativ təbabət sahəsi üzrə təhsil alan Zara artıq ikinci kursu başa vurmaq üzrə olduğunu qeyd edib. O, cəmi bir neçə dərsinin qaldığını və tezliklə üçüncü kursa keçəcəyini vurğulayıb.

Diplom aldıqdan sonra həkim kimi fəaliyyət göstərməyi planlaşdırmadığını bildirən ifaçı, yaxınlarının ona zarafatla müraciət etdiyini deyib: "Həkim olmaq fikrim yoxdur, bu biliklər ancaq özüm üçündür. Ətrafımdakı dostlarım artıq “bizə də baxarsan” deməyə başlayıblar, amma mən o məsuliyyəti üzərimə götürmək istəmirəm".

Gərgin konsert qrafikinə baxmayaraq təhsilini axsatmayan sənətçi alternatif təbabət sahəsindəki təhsilini tamamlayacağını, lakin əsas peşəsi olan musiqi fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.