ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) istinad etdiyi araşdırmaların nəticələrinə əsasən, su tərəsi qida dəyərinə görə dünyanın ən faydalı bitkilərindən biri hesab olunub.
Metbuat.az xəbər verir ki, Nyu-Cersi ştatındakı Uilyam Paterson Universitetinin alimləri tərəfindən 47 meyvə və tərəvəzin müqayisə edildiyi tədqiqatda su tərəsi mümkün olan 100 balı toplayaraq siyahının zirvəsində qərarlaşıb.
Araşdırma zamanı meyvə və tərəvəzlər A, C, E və K vitaminləri, fol turşusu, dəmir, kalsium, kalium, lif və digər vacib qida maddələrinin sıxlığına görə qiymətləndirilib. Su tərəsi tərkibindəki 17 əsas qida maddəsinin yüksək konsentrasiyası sayəsində Çin kələmi, ispanaq, pazı və digər məşhur yaşıl yarpaqlı tərəvəzləri geridə qoyub.
Mütəxəssislərin sözlərinə görə, su tərəsi güclü antioksidant mənbəyidir. Onun müntəzəm istehlakı hüceyrələrin oksidləşdirici zədələnmədən qorunmasına kömək edə, immun sistemini dəstəkləyə, qan şəkərinin tənzimlənməsinə müsbət təsir göstərə və bəzi xroniki xəstəliklərin, o cümlədən müəyyən xərçəng növlərinin yaranma riskini azaltmağa yardımçı olur. Bununla yanaşı, bu faydaların sağlam həyat tərzi və balanslı qidalanmanın bir hissəsi kimi qiymətləndirilməsi tövsiyə olunur.
Su tərəsi axar suların kənarında, bulaqlarda və rütubətli ərazilərdə təbii şəkildə bitir. Türkiyə ilə yanaşı, Azərbaycanın bəzi bölgələrində də bu bitkiyə rast gəlinir. Buna baxmayaraq, o, geniş şəkildə becərilmir və gündəlik mətbəxdə ispanaq, kahı və ya cəfəri qədər istifadə edilmir.
Mütəxəssislər bildirirlər ki, yüksək qida dəyərinə malik olan su tərəsinin salatlarda, sendviçlərdə və müxtəlif yeməklərdə istifadə olunması orqanizmin gündəlik vitamin və mineral ehtiyacının qarşılanmasına əhəmiyyətli töhfə verir. Onların fikrincə, təbiətdə bol yetişən bu bitkinin daha geniş tanıdılması sağlam qidalanma vərdişlərinin formalaşmasına da müsbət təsir göstərir.