"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimen yenidən İngiltərə Premyer Liqasının nəhəngi “Mançester Yunayted”in transfer gündəminə gəlib.

Metbuat.az xəbər verir ki, hücum xəttini gücləndirməyi planlaşdıran "qırmızı şeytanlar"ın nigeriyalı futbolçu üçün yaxın günlərdə İstanbul klubuna rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir. İddialara görə, “Old Trafford” təmsilçisi yeni mövsüm öncəsi əsas transfer hədəflərindən biri kimi Osimeni müəyyənləşdirib. Klub rəhbərliyi hücum xəttində “zəlzələ” yaradacaq yüksək səviyyəli forvet axtarışını davam etdirir və 27 yaşlı futbolçunun bu tələblərə cavab verdiyini düşünür.

Ötən mövsüm “Qalatasaray”ın heyətində uğurlu çıxışı ilə diqqət çəkən Osimen bütün turnirlərdə 35 qola imza ataraq komandasının ən məhsuldar futbolçularından biri olub. Onun performansı Avropanın aparıcı klublarının da marağına səbəb olub.

Ulduz futbolçunu itirmək istəməyən “Qalatasaray” rəhbərliyi isə transfer üçün tələb etdiyi məbləği müəyyənləşdirib. Məlumata görə, İstanbul təmsilçisi Osimeni yalnız 150 milyon avro qarşılığında satmağa razıdır.

Transferlə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.