Parlaq qırmızı lələkləri və özünəməxsus nəğməsi ilə seçilən şimal kardinalının eyni həyəti, balkonu və ya pəncərəni tez-tez ziyarət etməsi təkcə təbiət hadisəsi deyil. Bunun bunun müəyyən mənəvi mənası var.
Metbuat.az xəbər verir ki, heyvan mediumu və ruhani mütəxəssis Kristin C.Qoldun sözlərinə görə, kardinal quşlarının eyni məkanı dəfələrlə seçməsinin həm elmi, həm də inanclarla bağlı izahı var.
Mütəxəssis bildirib ki, bunun əsas səbəbi quşların təbii davranışıdır. Şimal kardinalları köç etməyən növlərdəndir və ilboyu eyni ərazidə yaşayırlar. Buna görə də tanıdıqları ağaclara, kolluqlara və yem mənbələrinə müntəzəm qayıdırlar. Xüsusilə çoxalma mövsümündə erkək kardinallar öz ərazilərini qorumaq üçün həmin sahəni daim nəzarətdə saxlayırlar. Bu baxımdan həyətinizdə eyni kardinalı tez-tez görməyiniz onun yaşayış ərazisinin bir hissəsində olmağınız deməkdir.
Quşun pəncərəyə qonması isə çox vaxt şüşədəki əksini rəqib hesab etməsi və ya həmin ərazini özününkü kimi qəbul etməsi ilə izah olunur.
Bununla yanaşı, kardinal quşu bir çox mədəniyyətdə ümid və təsəlli rəmzi sayılır. Kristin C.Qold qeyd edib ki, yaxınını itirən bəzi insanlar qısa müddət sonra kardinal gördüklərini bildirir və bunu “sənin yanındayam” mesajı kimi qəbul edirlər. İnanclara görə, tək kardinal şəxsi güc və ümidi, cüt kardinal isə sevgi və möhkəm bağlılığı simvolizə edir.
Alimlər bu quşun eyni məkana qayıtmasını ərazi instinkti ilə əlaqələndirsələr də, ona verilən mənəvi məna insanların şəxsi inanclarından asılıdır. Hər halda, parlaq qırmızı lələkləri ilə diqqət çəkən kardinal həm təbiətin maraqlı sakinlərindən biri, həm də bir çox insan üçün xüsusi rəmz olaraq qalır.