Birləşmiş Millətlər Təşkilatı (BMT) Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda körfəzdə qalmış təxminən 6 min dənizçinin təxliyəsinə çağırıb.
Metbuat.az xəbər verir ki, BMT-nin məlumatına görə, hazırda bölgədə təxminən 500 gəmidə olan 6 minə yaxın dənizçi təhlükəsizlik riskləri səbəbindən çıxılmaz vəziyyətdə qalıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) qeyd edib ki, iyulun 12–13-də hərbi əməliyyatların yenidən başlanmasından sonra dar su yolundan faktiki olaraq çox az sayda gəmi keçir.
Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes bildirib ki, Hörmüz boğazının yaxınlığında lövbər salmış təxminən 500 gəmidə qalan 6 min dənizçinin vəziyyəti ciddi narahatlıq doğurur. “Unutmamalıyıq ki, bunlar öz peşə vəzifələrini yerinə yetirən mülki şəxslərdir. Onlar döyüş əməliyyatlarında iştirak etmək üçün hazırlıq keçməyiblər və gəmilər raket və pilotsuz uçuş aparatlarının hücumlarından müdafiə olunmaq üçün nəzərdə tutulmayıb”, – deyə o vurğulayıb.