Qara dənizdə, Odessa limanı yaxınlığında "GN Group"a məxsus "Lady Zehma" quru yük gəmisi dron hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, gəminin heyəti 22 nəfərdən ibarət olub. Onlardan 19-u Azərbaycan, 1-i Türkiyə, 1-i Ukrayna, 1-i isə Misir vətəndaşıdır.

Bildirilib ki, hücum nəticəsində heyət üzvlərinin hamısı sağ qalıb və onlardan heç biri xəsarət almayıb.

Sözügedən məsələ ilə bağlı "GN Group Corporation"un mətbuat xidməti bildirib ki, 21 iyul tarixində Panama bayrağı altında üzən M/V LADY ZEHMA (IMO 9303431) yük gəmisi Odessa limanından ayrıldıqdan sonra, təxminən saat 11:30 və 14:30 (yerli vaxtla) radələrində pilotsuz uçuş aparatı (PUA) və raket hücumuna məruz qalıb.

Hadisə nəticəsində gəminin yük anbarlarından biri və onun lyuk qapağı zədələnib. İlkin baxış zamanı partlayışın yaratdığı qəlpələr səbəbindən göyərtənin yaxın hissələrində də zədələr aşkar edilib.

İnsidentdən dərhal sonra gəmidə fövqəladə hallar prosedurları işə salınıb. Kapitan və heyət şirkətin Təhlükəsizlik İdarəetmə Sisteminə uyğun olaraq operativ tədbirlər həyata keçirib, sahildə fəaliyyət göstərən fövqəladə hallar qrupu isə aidiyyəti dəniz qurumları ilə koordinasiyalı şəkildə iş aparıb.

İlkin qiymətləndirmədən sonra gəmi öz hərəkət qabiliyyətini qoruyaraq səfərini davam etdirib və şirkətin fövqəladə hallar qrupu ilə daimi əlaqədə olub:

"Gəmidə olan 22 heyət üzvünün hamısı müəyyən edilib və təhlükəsiz vəziyyətdədir. Heç bir yaralanma və ya ölüm halı qeydə alınmayıb. Bütün dənizçilərin fiziki vəziyyəti qənaətbəxşdir. Əlavə ehtiyat tədbiri olaraq, sığortaçıların razılığı ilə müstəqil həkimin gəmiyə çıxaraq bütün heyət üzvlərini tibbi müayinədən keçirməsi planlaşdırılır".