Konqo Demokratik Respublikasında yüzlərlə insanın ölümünə səbəb olan Ebola virusuna qarşı hazırlanmış yeni nəsil peyvənd dünyada ilk dəfə Böyük Britaniyada könüllü üzərində sınaqdan keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Oksford Universiteti alimləri Afrikada yayılan ölümcül Ebola epidemiyasına qarşı cəmi səkkiz həftə ərzində yeni peyvənd hazırlayıblar.

COVID-19 pandemiyası zamanı istifadə olunan peyvənd texnologiyası əsasında hazırlanan eksperimental preparat klinik tədqiqatlar çərçivəsində ilk dəfə 37 yaşlı britaniyalı könüllü Ed Hanta vurulub.

Araşdırmanın ilk mərhələsində ümumilikdə 50 sağlam könüllü iştirak edəcək. Tədqiqat zamanı peyvəndin təhlükəsizliyi və orqanizmdə yaratdığı immun cavab qiymətləndiriləcək.

Yeni peyvənd mövcud Ebola peyvəndlərinin təsirsiz qaldığı Bundibugyo ştamına qarşı hazırlanıb. Bu, həmin virus növünə qarşı insan üzərində klinik sınaq mərhələsinə keçən ilk layihə hesab olunur.

Mütəxəssislər bildiriblər ki, eksperimental peyvəndin tərkibində canlı virus yoxdur və onun tətbiqi iştirakçılarda xəstəlik riski yaratmır.

Oksford Universitetinin tədqiqat qrupu peyvəndin təhlükəsizliyi təsdiqləndikdən sonra klinik sınaqları Uqanda və Konqo Demokratik Respublikası ərazisində daha geniş miqyasda davam etdirməyi planlaşdırır.

Məlumata görə, epidemiya bölgəsində indiyədək 2 500-dən çox yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 1 000-i ötüb.

Bununla yanaşı, Serum Institute of India klinik sınaqlar uğurla başa çatacağı təqdirdə istifadəyə verilməsi üçün peyvəndin 600 min dozasını artıq hazır vəziyyətdə saxlayır. Sınaqların müsbət nəticələnəcəyi halda preparatlar operativ şəkildə Afrikadakı epidemiya bölgələrinə göndəriləcək.