Bu ilin yanvar-iyun aylarında Azərbaycan 22 milyon 511 min ABŞ dollar dəyərində 25 min 608 ton düyü idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 84,2 ton (16,5 %) , dəyər baxımından isə 6 milyon 531,7 min dollar (22,4 %) azdır.
Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.