“Fənərbağça”nın UEFA Çempionlar Liqasının seçmə mərhələsində “Qornik” üzərində 1:0 hesablı qələbə qazandığı matçda cərimə zərbəsindən möhtəşəm qol vuran Anderson Taliskanın klubdakı gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. İstanbul təmsilçisinin heyətini yeni futbolçularla gücləndirməsi braziliyalı ulduzun komandadakı mövqeyini risk altına salıb.
Metbuat.az xəbər verir ki, Türkiyə mediası bununla bağlı maraqlı məlumat yayıb.
Bildirilib ki, “Fənərbağça”nın hücum xəttində ciddi dəyişikliklər planlaşdırılır. Hücumameyilli yarımmüdafiəçi mövqeyində Marko Asensionun çıxış etməsi, mərkəz hücumçusu kimi Vedat Muriqinin əsas seçim olması, sol cinaha yeni transferin nəzərdə tutulması və sağ cinahda Meyson Qrinvudun oynadılması planlaşdırılır. Bu dəyişikliklərdən sonra Taliskanın əsas heyət üzvündən daha çox rotasiya oyunçusu kimi nəzərdən keçirildiyi qeyd edilir.
Klub rəhbərliyi maaş büdcəsində tarazlığı qorumağa çalışdığı üçün yüksək məvacib alan futbolçularla bağlı gələcək təklifləri də dəyərləndirməyə hazırdır. Ötən mövsüm bütün turnirlərdə 27 qol vuran Taliska üçün sərfəli təklif daxil olacağı təqdirdə, “Fənərbağça”nın transferə razılıq verəcəyi gözlənilir.
Anderson Taliskanın bu dəyişikliklərdən xəbərdar olduğu və özünə yeni klub axtardığı iddia edilir.