Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ili qeyd olunur.
Metbuat.az xatırladır ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Cəmi 56 sayı işıq üzü görən qəzet milli jurnalistikanın formalaşmasında mühüm rol oynayıb, maarifçilik ideyalarının yayılmasına və ictimai fikrin inkişafına böyük töhfə verib.
Sonrakı illərdə "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad" və "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirərək milli mətbuatın inkişafına xidmət ediblər.
Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə senzuranın ləğvi söz və mətbuat azadlığının inkişafında mühüm dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə media sahəsində islahatlar davam etdirilib, 2021-ci ildə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb, "Media haqqında" Qanun qəbul olunub.
Azərbaycan mediası Vətən müharibəsi dövründə də üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasına və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verib.
Metbuat.az kollektivi olaraq bütün media nümayəndələrini 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq!