Yaponiyanın Osaka körfəzində dənizi dolduraraq inşa edilən və 1994-cü ildən fəaliyyət göstərən Kansay Beynəlxalq Hava Limanı yerləşdiyi süni adanın altındakı yumşaq gil qatına görə çökməyə davam edir.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, tikintinin başlanmasından bəri birinci süni adada orta hesabla 13,7 metr, ikinci adada isə 17,7 metrə yaxın çökmə qeydə alınıb. Mühəndislər riski əvvəlcədən nəzərə alaraq xüsusi drenaj sistemləri qursalar da, prosesi tam dayandırmaq mümkün olmayıb. Bununla belə, çökmənin sürəti ildən-ilə azalaraq hazırda ildə təxminən 5 santimetr təşkil edir.
2018-ci ildə baş verən güclü tayfundan sonra hava limanında təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Sahil bəndləri hündürləşdirilib, uçuş-enmə zolaqları isə möhkəmləndirilib.
Rəsmilər bildirirlər ki, çökmə prosesi uzun illər davam edəcək. Bu səbəbdən hava limanında bərpa və hündürləşdirmə işləri fasiləsiz şəkildə həyata keçiriləcək.