Türkiyə ilin ilk yarısında böyük uğura imza ataraq balıq sektorunda ixracat rekordunu yeniləyib. Ölkə yalnız üç balıq növünün dünya bazarına satışı sayəsində təxminən 1 milyard dollar gəlir əldə edib.

Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, bu dövrdə ən çox qazanc 389 milyon dollarla levrek balığından əldə edilib. Sonrakı yerləri isə 295 milyon dollarla çipura və 201 milyon dollarla Türk qızılbalığı (somon) tutub.

Adıçəkilən üç balıq növü ümumi ixracatın təxminən 80 faizini təşkil edib. Dünyanın bir çox ölkəsi bu balıqları almaq üçün növbəyə düzülüb.

Qeyd edək ki, ən böyük alıcı 165 milyon dollarla Rusiya olub. Rusiyadan sonrakı pillələrdə İtaliya və Niderland qərarlaşıb. İlin sonuna qədər dəniz məhsullarının ixracatının 2 milyard 700 milyon dollara çatdırılması hədəflənir.