Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Bizlan kəndində torpaq sürüşməsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəm oğluna məxsus iki mərtəbəli yaşayış evi ciddi zərər görərək yaşayış üçün yararsız vəziyyətə düşüb. Üç ailənin məskunlaşdığı evin bir hissəsi çöküb. Kənd sakini Xasiyeva Gülşən bildirib ki, evləri çöküb, həyətdə gecələyirlər:
“Bu evdə biz üç ailə yaşayırıq. Torpaq sürüşməsi nəticəsində ev ortadan çöküb. Artıq iki gündür həyətdə gecələyirik. Təhlükə səbəbindən evə daxil olaraq məişət əşyalarımızı belə çıxara bilmirik”.
Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin məlumatına görə, 2026-cı il iyulun 10-da baş vermiş hadisə ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb, müvafiq məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilərək müvafiq qərar qəbul olunacaq. Rayon İcra Hakimiyyəti bildirir ki, məsələ nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Davud Tarverdiyev / Metbuat.az