İsmayıllı rayonunun Bizlan kəndində torpaq sürüşməsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəm oğluna məxsus ikimərtəbəli yaşayış evi ciddi zərər görərək yaşayış üçün yararsız vəziyyətə düşüb. Üç ailənin yaşadığı evin bir hissəsi çöküb. Hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən ilkin araşdırma aparılıb.

İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, iyulun 10-da baş vermiş hadisə ilə bağlı Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb, müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd olunub ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirildikdən sonra müvafiq qərar qəbul ediləcək.

Rayonun baş memarı Vüsal Abdullayev bildirib ki, vəziyyət nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Davud Tarverdiyev / Metbuat.az