Milli dövlət quruculuğu prosesində cəmiyyəti ortaq məqsəd ətrafında birləşdirən ideologiya mühüm rol oynayır. Belə bir ideoloji xətt müstəqilliyin qorunmasına, daxili sabitliyin möhkəmlənməsinə və ölkənin davamlı inkişafına xidmət edir. Tarix göstərir ki, dövlət siyasəti ilə cəmiyyətin maraqları və milli dəyərləri arasında uyğunsuzluq yarandıqda, bu, həm idarəetmədə, həm də ictimai həyatda ciddi problemlərə səbəb olur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə də belə çətin dövrlə üzləşdi. Sovet ideologiyasının süqutundan sonra yaranan siyasi və mənəvi boşluq, eyni zamanda ölkəni etnik, dini və regional zəmində parçalamağa çalışan qüvvələrin fəallaşması cəmiyyəti birləşdirəcək yeni milli ideyanın formalaşdırılmasını zəruri etdi.

Belə bir mürəkkəb şəraitdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Bu ideologiya təkcə nəzəri konsepsiya kimi deyil, həm də dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən praktik siyasi xətt kimi formalaşdı. Heydər Əliyev hesab edirdi ki, güclü dövlət yalnız milli birlik və həmrəylik üzərində qurula bilər. Məhz buna görə də azərbaycançılıq məfkurəsi ölkədə yaşayan bütün xalqları, etnik qrupları və müxtəlif dini icmaları vahid dövlətçilik ideyası ətrafında birləşdirməyə yönəldi.

Bu yanaşma həm ölkə daxilində milli həmrəyliyin möhkəmlənməsinə, həm də dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrinin güclənməsinə zəmin yaratdı. Nəticədə azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın hüquqi, dünyəvi və müasir dövlət kimi inkişafında mühüm ideoloji dayaqlardan birinə çevrildi.

Politoloq Nadir İsmayılov Metbuat.az-a açıqlamasında bildirib ki, azərbaycançılıq hər hansı bir dar etnik çərçivəyə sığmayan, əksinə, bu torpaqda əsrlər boyu birgə yaşamış, eyni taleyi və tarixi bölüşmüş bütün xalqların, fərqli mədəniyyətlərin universal bir fəlsəfəsidir:

“Hər bir xalqın inkişafında, öz dövlətini qurmasında və həmin dövləti qoruyaraq uğurla inkişaf etdirməsində həlledici rol oynayan amillərdən biri onun milli ideologiyasıdır. Xalqın hansı ideoloji dəyərlərə söykənməsi, hansı prinsipləri rəhbər tutaraq gələcəyə doğru addımlaması dövlətin dayanıqlığını, milli birliyini və inkişaf istiqamətini müəyyənləşdirən əsas amillərdəndir. Bu baxımdan demək olar ki, Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Çünki xalqımız əsrlər boyu müxtəlif imperiyaların müstəmləkəçilik siyasətinə məruz qalsa da, heç vaxt azadlıq və müstəqillik arzusundan əl çəkməmişdir. Azadlıq uğrunda minlərlə vətən övladı canını qurban vermiş, lakin xalqımız müstəqillik idealından bir addım belə geri çəkilməmişdir. Müxtəlif dövrlərdə imperiyalar Azərbaycanı müvəqqəti olaraq öz hakimiyyətləri altında saxlaya bilsələr də, xalqımızın qəlbindən, düşüncəsindən və milli şüurundan azadlıq hissini silə bilməmişlər”.

Fotoda: politoloq Nadir İsmayılov

Politoloq qeyd edib ki, Azərbaycanın üzləşdiyi son böyük imperiya əsarəti Sovet İttifaqı dövrünə təsadüf edir: “Sovet imperiyasının süqutundan sonra Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin əldə olunması ilə yanaşı, onu qoruyub saxlamaq üçün güclü milli ideologiyaya da ehtiyac var idi. Məhz belə bir tarixi məqamda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası xalqımızın milli birliyini təmin edən ən güclü mənəvi dayağa çevrildi.

Azərbaycançılıq ideologiyası qısa müddətdə cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında birləşdirdi və gənc Azərbaycan dövlətinin yenidən müstəqilliyini itirmək təhlükəsinin qarşısının alınmasında mühüm rol oynadı. Xüsusilə 1993–1995-ci illərdə ölkədə dövlət çevrilişi cəhdlərinin və daxili qarşıdurmaların qarşısının alınmasında bu ideologiyanın əhəmiyyəti açıq şəkildə özünü göstərdi. Azərbaycanın bütün bölgələrində müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlar azərbaycançılıq ideologiyası və üçrəngli dövlət bayrağı ətrafında sıx birləşərək dövlətçiliyin müdafiəsinə qalxdılar. Ümummilli Lider Heydər Əliyevin çağırışı cəmiyyət tərəfindən böyük dəstək qazandı və xalq vahid mövqedən çıxış edərək dövlətin parçalanmasına imkan vermədi”.

Nadir İsmayılovun qənaətinə görə, sonrakı mərhələdə ölkədə siyasi sabitliyin təmin olunması, atəşkəsin əldə edilməsi və genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsi dövründə də azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas ideoloji dayağı olaraq qalmağa davam etdi: “Ölkənin iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişlənməsi və müasir dövlət institutlarının formalaşdırılması ilə paralel olaraq milli həmrəylik və dövlətçilik prinsipləri daha da möhkəmləndi. Azərbaycançılıq ideologiyası təkcə ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla soydaşımızın da vahid amal ətrafında birləşməsində mühüm rol oynadı. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları məhz bu ideologiya əsasında təşkilatlanaraq Azərbaycanın milli maraqlarının müdafiəsində fəal iştirak etdilər. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı və xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verdilər və dövlətimizin bu istiqamətdə apardığı siyasətə yaxından dəstək göstərdilər”.

Politoloqun sözlərinə görə, azərbaycançılıq ideologiyasının gücü və həyati əhəmiyyəti xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirildi: “Mən çəkinmədən deyərdim ki, bu müharibə azərbaycançılıq ideologiyasının ən böyük sınağı və eyni zamanda ən möhtəşəm zəfəri oldu. Müharibə günlərində ölkəmizdə yaşayan bütün etnik qrupların nümayəndələri milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan bayrağı və azərbaycançılıq ideologiyası ətrafında birləşdilər. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu xalqın tam dəstəyi ilə tarixi Qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi Zəfərin ideoloji təməlində də məhz azərbaycançılıq ideologiyası dayanırdı”.

Siyasi şərhçi qeyd edib ki, bu gün Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Müharibədən sonrakı dövr yeni reallıqlar, yeni çağırışlar və yeni hədəflər formalaşdırıb:

“Belə bir mərhələdə azərbaycançılıq ideologiyasının əhəmiyyəti daha da artır. Qloballaşan dünyada milli kimliyin qorunması, cəmiyyətin birliyinin möhkəmləndirilməsi, dövlət siyasətinin səmərəli həyata keçirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsi baxımından bu ideologiya strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilən və müasir çağırışlara uyğun inkişaf etdirilən azərbaycançılıq ideologiyası bundan sonra da Azərbaycanın uğurlarının əsas ideoloji sütunlarından biri olacaq. Bu ideologiyanı dərindən mənimsəyən və onu müasir dünyada layiqincə təbliğ edən gənc nəslin fəaliyyəti həm ölkə daxilində dövlət siyasətinin daha effektiv həyata keçirilməsinə, həm də Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə daha geniş eşidilməsinə mühüm töhfə verəcəkdir”, - deyə Nadir İsmayılov sonda bildirib.

Aynur Abdınova / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” mövzusu üzrə dərc olunub.