Çin hökuməti ABŞ-da 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkiləri ərəfəsində Vaşinqtonun Pekinə qarşı gələcək ticarət siyasətini qiymətləndirmək məqsədilə iyun ayında iki keçmiş diplomatını ABŞ-yə göndərib.
Metbuat.az xəbər verir ki, "Bloomberg" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, səfərdə Çinin BMT-dəki keçmiş daimi nümayəndəsi Tsuy Tyankay və keçmiş nümayəndə müavini Gen Şuan iştirak ediblər. Onlar ABŞ-Çin münasibətləri üzrə müxtəlif siyasi baxışları təmsil edən ekspertlərlə görüşlər keçiriblər.
Məlumata əsasən, son aylarda Çin rəsmiləri və keçmiş dövlət məmurları Ağ Evin Pekinə münasibətdə planlarını daha yaxşı anlamaq üçün amerikalı ekspertlərlə intensiv təmaslar saxlayıblar.
Eyni zamanda, ABŞ-dən Çin üzrə ekspertlər qrupu da Pekinə səfər edərək müxtəlif nazirliklərin və analitik mərkəzlərin hazırkı və keçmiş nümayəndələri ilə görüşüb. Müzakirələr zamanı ABŞ-də 2026-cı il aralıq seçkiləri və 2028-ci il prezident seçkilərinin ikitərəfli münasibətlərə mümkün təsirləri diqqət mərkəzində olub.
"Bloomberg"in həmsöhbətlərindən birinin sözlərinə görə, ekspertlər arasında ABŞ və Çin arasında mövcud ticarət razılaşmasının Donald Trampın ikinci prezidentlik müddətinin sonunadək – 2028-ci ilə qədər qüvvədə qala biləcəyi və 2029-cu ilədək ikitərəfli münasibətlərdə nisbətən sabit dövrün yaşana biləcəyi ilə bağlı ümumi fikir formalaşıb.