Yeni sezon öncəsi transfer hazırlıqlarını davam etdirən İstanbulun “Qalatasaray” klubu yarımmüdafiə xəttini gücləndirmək üçün sürpriz addım atmağa hazırlaşır.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, baş məşqçi Okan Burukun istəyi istiqamətində hərəkət edən rəhbərlik, “Yuventus”un ulduz futbolçu Kefren Turamı rənglərinə bağlamaq üçün rəsmi danışıqlara başlayır. Komandanın səviyyəsini artıracağı gözlənilən Turamın transferi üçün klubun əhəmiyyətli bir büdcə ayırdığı bildirilir.
İstanbul təmsilçisi rəqiblərinə meydan oxuyacaq güclü bir heyət qurmaq məqsədilə həm futbolçunun meneceri, həm də İtaliya klubu ilə təmaslarını sıxlaşdırıb. Texniki heyətin hesabatına əsasən reallaşdırılması planlaşdırılan bu keçid azarkeşlər arasında da böyük həyəcan və maraq doğurub. Danışıqların qısa müddətdə müsbət nəticələnəcəyi və ulduz ismin rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Kefren Turam ötən mövsüm “Yuventus”un heyətində 45 matça çıxıb. O, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.