AQTA-nın heyvanların daşınması ilə bağlı son açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Agentliyin qərarına əsasən, 2027-ci ildən etibarən ölkəyə idxal olunan diri heyvanlar yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır.
Keçid dövründə isə heyvanların yalnız bir mərtəbədə və müəyyən edilmiş maksimum say həddinə uyğun daşınmasına icazə veriləcək.
Bu qərarın məqsədi heyvan rifahının qorunmasıdır və Avropanın bir çox ölkəsində oxşar standartlar tətbiq olunur. Ancaq həmin ölkələrdə bu sistem illərlə formalaşmış infrastruktur, dövlət dəstəyi və maliyyə mexanizmləri üzərində qurulub.
Bizdə isə mənzərə fərqlidir.
Vaxtilə qoyun-quzu adi, üstüaçıq yük maşınlarında daşınırdı. Buna baxmayaraq, ətin də öz dadı vardı, südün də, qatığın da. Məhsulun təbiiliyi hiss olunurdu.
İndi isə deyilir ki, heyvanlar yalnız xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır, daşınmadan əvvəl xüsusi qulluq göstərilməlidir. Belə getsə, elə bərbərə də aparaq, yununu fenlə qurudub yola salaq...
Bu gün İmişlidən kiloqramı 17–18 manata gətirilən əti də alırıq, Bərdədən gələn əti də. Amma əvvəlki dadı tapa bilmirik. Yenə də "şükür" deyib istifadə edirik.
Əslində problem təkcə ətlə bitmir.
Bu gün rayonlarda yol kənarında pomidorun kiloqramını 20 qəpiyə yeşiyi ilə satmağa məcbur qalan kəndçi var. Həmin pomidor Bakıda bazara çatanda qiyməti 1 manata, bəzən daha yuxarı qalxır. Əlbəttə, logistika, saxlanma və satış xərcləri var. Amma bir sual açıq qalır: məhsulu torpağa əkən, suvaran, becərən, dərən kəndçi niyə bəzən məhsulunu maya dəyərindən də aşağı satmağa məcbur olur?
Bu ağrı təkcə tərəvəzdə deyil, meyvədə də yaşanır. İqlim dəyişiklikləri son illər meyvə bağlarına ciddi ziyan vurur. Ərik istehsalı ilə seçilən bölgələrdə məhsuldarlıq azalıb, amma bazarda qiymətlər yüksəlib. Fermer qazanmadığı halda istehlakçı da bahalı məhsul almağa məcbur qalır. Deməli, zəncirin heç bir halqası razı deyil.
Dünyada alternativ və süni ət texnologiyalarına maraq artır, müxtəlif ölkələrdən Azərbaycana dondurulmuş ət də idxal olunur. Ancaq gəlin özümüzə səmimi bir sual verək: sağlam şəraitdə bəslənmiş heyvandan əldə olunan təzə ətlə süni və ya uzun müddət dondurulmuş məhsul eyni təsiri bağışlayırmı? Çoxlarının cavabı yəqin ki, "xeyr" olacaq.
Ölkədə həllini gözləyən kənd təsərrüfatı və heyvandarlıqla bağlı kifayət qədər fundamental problemlər var. Belə bir şəraitdə yeni tələblərin dəstək mexanizmləri yaradılmadan tətbiqi, ilk növbədə, kiçik fermer və heyvandarlıqla məşğul olan sahibkarın üzərinə əlavə yük qoyur.
O yük isə sonda qiymətə çevrilərək istehlakçının cibindən çıxır. Quru maaşla, quru pensiya ilə yaşayan insanın süfrəsindəki ətin, südün, meyvənin qiyməti hər dəfə bir az da artır.
Bəzən elə qərarlar qəbul olunur ki, kağız üzərində rifahı qorumağa xidmət edir, amma praktikada həm istehsalçını, həm də istehlakçını daha da çətin vəziyyətə salır.
Sonda isə həmişə eyni mənzərə yaranır: dolu bardaq yenə dolur, amma boş bardağın dibi hər keçən gün bir az da quruyur.
Gülbəniz Hüseynli / Metbuat.az