Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində ABŞ-la müdafiə əməkdaşlığına dair mühüm mesajlar verib.
Metbuat.az xəbər verir ki, Ərdoğan NATO Zirvəsinin yekununda keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın F-35 məsələsində müsbət yanaşma sərgilədiyini deyib.
“F-35-lər Türkiyəyə təhvil veriləndə bütün dünya “ABŞ sözünü tutdu” deyəcək”, - deyə o bildirib.
S-400 sistemləri ilə bağlı suala cavabında isə Ərdoğan “Bizi izləməyə davam edin” ifadəsini işlədib.
Türkiyə Prezidenti həmçinin NATO Zirvəsinin uğurla keçdiyini vurğulayaraq Trampın Türkiyənin ev sahibliyini yüksək qiymətləndirdiyini və şəxsi dostluqlarını xüsusi qeyd etdiyini deyib. O əlavə edib ki, Türkiyənin F-16 qırıcıları avqustdan etibarən NATO-nun hava polisliyi missiyası çərçivəsində Estoniyada xidmət göstərəcək.
Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin Türkiyəyə F-35 satışı ilə bağlı açıqlamalarını da tənqid edərək, bu fikirlərin onun üçün heç bir əhəmiyyət daşımadığını bildirib.