TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada BP və layihədə tərəfdaş olan şirkətlərin maliyyə dəstəyi, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris–Simulyasiya Mərkəzi istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, müasir beynəlxalq standartlara uyğun qurulan mərkəzin əsas məqsədi tibb işçilərinin və tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək, davamlı tibbi təhsil imkanlarını genişləndirmək və ölkə üzrə vahid təlim mühiti formalaşdırmaqdır.

Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, səhiyyə rəhbərləri, BP-nin təmsilçiləri, Milli Məclisin deputatları, həkimlər və media nümayəndələri iştirak ediblər.

Mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Burada beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları, real klinik şəraiti əks etdirən müasir tədris vasitələri, onlayn təlimlərin idarə olunmasını və video-arxiv sistemini təmin edən rəqəmsal platforma, həmçinin təlimlərin canlı yayımlanmasına imkan verən audio-vizual infrastruktur yaradılıb.

TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev çıxışında bildirib ki, mərkəzin yaradılması səhiyyə sistemində insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, burada tətbiq ediləcək simulyasiya əsaslı təlim modeli tibb işçilərinin praktiki hazırlığını beynəlxalq standartlara uyğun səviyyəyə çatdıracaq və ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə vurğulayıb ki, keyfiyyətli səhiyyənin əsasını peşəkar və yaxşı hazırlıq keçmiş tibb mütəxəssisləri təşkil edir.

"Bu layihəyə dəstək verməkdə məqsədimiz tibb işçilərinin müasir təlim imkanlarına çıxışını genişləndirmək və onların peşəkar bacarıqlarının inkişafına dəstək olmaqdır", – deyə o bildirib.

Daha sonra jurnalistlərə açıqlama verən Bəxtiyar Aslanbəyli qeyd edib ki, bu layihə BP-nin Azərbaycanda reallaşdırdığı ilk tibb sahəsi üzrə sosial təşəbbüsdür.

"Biz enerji layihələri ilə yanaşı, sosial məsuliyyət layihələrinə də böyük önəm veririk. Yeni Klinikada yaradılan Tibbi Tədris-Simulyasiya Mərkəzi bu istiqamətdə fəaliyyətimizin yeni mərhələsidir. Layihə dörd mərhələdən ibarətdir və hazırda birinci mərhələ tamamlanıb. İnanırıq ki, bu təşəbbüs müxtəlif sahələrdə çalışan tibb işçilərinin peşə hazırlığını gücləndirəcək və nəticədə tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək", – deyə BP rəsmisi vurğulayıb.

Yeni Klinikanın direktoru Zəhra Vəzirova isə mərkəzin yalnız yeni otaqların istifadəyə verilməsi olmadığını, səhiyyəyə və insan həyatına yatırılan strateji investisiya kimi qiymətləndirilməli olduğunu bildirib.

"Simulyasiya və Təlim Mərkəzinin yaradılması yalnız bir neçə otağın açılması deyil. Bu, xəstə təhlükəsizliyinə, səhiyyənin inkişafına və insan həyatına qoyulan investisiyadır", – deyə direktor qeyd edib.

Onun sözlərinə görə, təlimlər əsasən orta tibb personalı, rezidentlər, gənc və təcrübəli həkimlər üçün nəzərdə tutulub.

"Planımız odur ki, ildə ən azı bir dəfə klinikanın əməkdaşları, o cümlədən təcili yardım həkimləri və orta tibb personalı bu təlimlərdə iştirak etsin. Təlimlər ekspertlər tərəfindən aparılacaq və hər mərhələnin sonunda iştirakçıların bilik və bacarıqları qiymətləndiriləcək. Qiymətləndirmə simulyasiya əsaslı tədrisin ayrılmaz hissəsidir", – deyə Zəhra Vəzirova əlavə edib.

Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva isə bildirib ki, simulyasiya əsaslı təhsil müasir tibb sisteminin ayrılmaz hissəsinə çevrilib.

Deputatın sözlərinə görə, tibb işçilərinin real həyatda rastlaşa biləcəkləri mürəkkəb klinik vəziyyətləri əvvəlcədən təhlükəsiz şəraitdə məşq etmələri həm peşəkarlığın artırılması, həm də pasiyent təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

"Bu mərkəz sadəcə təlim məkanı deyil. O, təhsillə real klinik təcrübə arasında körpü rolunu oynayacaq. Burada yaradılan imkanlar gələcəkdə Azərbaycanın müxtəlif bölgələrində çalışan tibb işçilərinin də müasir təlim resurslarından istifadə etməsinə şərait yarada bilər", – deyə deputat bildirib.

Rəsmi hissədən sonra qonaqlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Tədbir çərçivəsində mütəxəssislər tərəfindən təcili tibbi yardım üzrə praktik simulyasiya ssenarisi nümayiş etdirilib. Simulyasiya zamanı real klinik şəraitdə tibbi komandanın qərarvermə prosesi, komanda işi və müasir avadanlıqların imkanları əyani şəkildə təqdim olunub.

Məlumata görə, mərkəzin fəaliyyəti ilkin mərhələdə təcili tibbi yardım istiqamətini əhatə edir. Növbəti mərhələlərdə isə reanimasiya və intensiv terapiya, neonatologiya, eləcə də doğuş üzrə əlavə simulyasiya modullarının yaradılması nəzərdə tutulur.

Yeni Klinikada istifadəyə verilən Tibbi Tədris–Simulyasiya Mərkəzinin ölkədə tibbi təhsilin praktiki komponentinin gücləndirilməsi, tibb işçilərinin peşəkar hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması və nəticə etibarilə pasiyent təhlükəsizliyinin artırılması istiqamətində mühüm rol oynayacağı gözlənilir.