"Simulyasiya və Təlim Mərkəzinin yaradılması yalnız bir neçə otağın istifadəyə verilməsi deyil, səhiyyəyə, xəstə təhlükəsizliyinə və insan həyatına qoyulan investisiyadır".

Bu fikirləri Yeni Klinikanın direktoru Zəhra Vəzirova tibb müəssisəsində fəaliyyətə başlayan Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mərkəzdə keçiriləcək təlimlərin əsas auditoriyası orta tibb personalı, gənc həkimlər, rezidentlər və təcrübəli həkimlər olacaq.

“Planımız ondan ibarətdir ki, ildə ən azı bir dəfə klinikanın əməkdaşları, o cümlədən təcili yardım həkimləri və orta tibb personalı bu təlimlərdə iştirak etsinlər. Təlimlər ekspertlər tərəfindən keçiriləcək və sonda mütləq qiymətləndirmə aparılacaq. Çünki qiymətləndirmə simulyasiya əsaslı tədrisin vacib hissəsidir”, – deyə Zəhra Vəzirova qeyd edib.