“Bu layihə təhsil və tədris yönümlü olsa da, tibb sahəsində ilk layihəmizdir deyə bilərik. Çox şadıq ki, layihə Yeni Klinikanın təşkilati dəstəyi və Sağlamlıq Xidməti İctimai Birliyinin icra dəstəyi ilə həyata keçirilib”.
Metbuat.az xəbər verir ki, bu fikirləri bp-nin Xəzər, Orta Asiya və Türkiyə regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Yeni Klinikada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bp Azərbaycan ölkədəki fəaliyyəti çərçivəsində əsas biznes istiqamətləri ilə yanaşı, məsuliyyətli korporativ vətəndaş kimi sosial layihələrdə də fəal iştirak edir.
"Yeni Klinikada açılan Tibbi Tədris-Simulyasiya Mərkəzi bp-nin sosial layihələrinin coğrafiyasını daha da genişləndirir. Mərkəz ölkə miqyasında fəaliyyət göstərə tədris-simulyasiya mərkəzi olacaq. Layihə dörd mərhələdən ibarətdir və hazırda onun birinci mərhələsi reallaşdırılıb.
Layihənin müxtəlif sahələrdə çalışan tibb işçiləri və həkimlər üçün praktiki təlimlər, eləcə də simulyasiya fəaliyyətləri baxımından faydalı olacağı gözlənilir. Nəticədə bu təşəbbüs tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə töhfə verəcək".