Neft qiymətlərinin ucuzlaşması və satılmayan neft həcmlərinin artması Rusiya iqtisadiyyatı üçün əlavə təzyiq yaratsa da, ölkənin dəniz yolu ilə xam neft ixracı son üç ilin ən yüksək səviyyəsinə yüksəlib.

Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, tanker daşımalarına əsaslanan məlumatına görə, iyulun 5-dək olan dörd həftə ərzində Rusiyanın dəniz yolu ilə gündəlik orta xam neft ixracı 4,22 milyon barel təşkil edib. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən bəri qeydə alınan ən yüksək göstəricidir.

Məlumata görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına dron hücumları fonunda xam neft tədarükü artıb. Müharibədən əvvəl isə gündə təxminən 600 min barel xam neft Avropadakı neft emalı zavodlarına boru kəmərləri vasitəsilə nəql edilirdi.