Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi "KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının ticarətə buraxılmasına icazə verib.

BFB-dən Metbuat.az-a verilən məlumata görə, 6 iyul 2026-cı il tarixində qəbul edilən qərara əsasən, emitentin istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə İcazə" verilib.

Məlumata əsasən, "KƏPƏZ BOKT" MMC ümumi dəyəri 1 milyon manat olan 10 min ədəd faizli istiqraz yerləşdirəcək. Hər bir istiqrazın nominal dəyəri 100 manat, illik gəlirlilik faizi isə 15% təşkil edir.

İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada emissiya olunub. Ticarət kütləvi, birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

Buraxılışın tədavül müddəti 24 ay müəyyən edilib. Faiz ödənişləri isə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayın 30 gün olduğu qəbul edilməklə) investorlara ödəniləcək.

İstiqrazların ISIN kodu AZ2014020807-dir. Ticarətə başlama tarixi emitent tərəfindən əlavə olaraq açıqlanacaq.

İstiqrazların anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir.

BFB bildirib ki, istiqrazların emissiya prospekti birjanın rəsmi internet səhifəsində "Emitentin profili" bölməsində yerləşdirilib.