Hər il minlərlə gənc aylar, hətta illər boyu davam edən gərgin hazırlıq marafonunun, yuxusuz gecələrin və böyük psixoloji gərginliyin ardınca imtahan zallarına addımlayır. Saatlarla davam edən test sınaqları təkcə abituriyentlərin biliyini deyil, həm də onların gələcək taleyini, ailələrinin böyük ümidlərini bir neçə rəqəmli bala sığdırır. Bu gərgin imtahan həyəcanı və çəkilən ağır əziyyətlər çox vaxt gənclərin real potensialını tam ifadə etməyə imkan vermir. Elə bu səbəbdən son illər dünyada təhsilə yanaşma dəyişir və bir çox ölkələr alternativ yollara üstünlük verir.
Məsələn, bu gün yüzlərlə azərbaycanlı gənc Türkiyə, Orta Asiya respublikaları və Ukrayna universitetlərinə heç bir qəbul imtahanı vermədən, sadəcə orta məktəb attestatı ilə qəbul olaraq ali təhsil alırlar. Ən önəmlisi isə odur ki, həmin ölkələrin aparıcı təhsil ocaqlarında oxuyub ölkəmizə qayıdan məzunların diplomları rəsmi şəkildə tanınır və onlar yerli əmək bazarında rahatlıqla yer tuturlar.
Bu uğurlu praktika yerli mütəxəssislərin də diqqətindən yayınmır. Tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov da uzun illərdir attestatla qəbul sisteminin ən aktiv tərəfdarlarından biridir. Professor dəfələrlə qeyd edib ki, gəncləri imtahan stressindən xilas etmək və təhsil imkanlarını genişləndirmək üçün Azərbaycan da mütləq bu modelə keçməli, ali məktəb qapılarını hər bir məktəb məzununun üzünə açmalıdır.
Mövzuyla bağlı fikirlərini Metbuat.az saytının müxbiri ilə bölüşən təhsil eksperti Kənan Məmmədov da attestatla qəbul ideyasını birmənalı olaraq dəstəkləyir, lakin onun bu keçidlə bağlı çox mühüm bir şərti var. Ekspert vurğulayır ki, universitetlərə qəbulun asanlaşdırılması fonunda ali təhsil müəssisələrində daxili tədrisin keyfiyyəti və tələbkarlıq səviyyəsi kəskin şəkildə artırılmalıdır: “Ali məktəbə hamı daxil ola bilsə də, yalnız oxuyan, elmi mənimsəyən tələbə məzun ola bilməlidir. Dərslərindən kəsilən, zəif nəticə göstərən və oxumaq istəməyən şəxslər heç bir halda diplom almamalıdır. Belə bir ciddi daxili filtr sisteminin qurulması ölkədə savadsız kadrların yaranmasının qarşısını alar və ali təhsilin ümumi nüfuzunu qoruyub saxlayar”.
Nazim Hüseynzadə / Metbuat.az