“Samsunspor”un hücumçusu Marius Muandilmadji sosial şəbəkədə yayılan fərdi məşq görüntülərindən sonra ağ-qırmızılı azarkeşlərin sərt təpkisi ilə üzləşib.

Metbuat.az xəbər verir ki, təcrübəli qolçunun məşq zamanı “Qalatasaray”ın ulduzu Viktor Osimenin formasını geyinməsi Samsun təmsilçisinin tərəfdarları arasında narazılıq yaradıb. Qısa müddətdə böyüyən gərginlikdən sonra Marius rəsmi açıqlama yayaraq niyyətinin heç kimi incitmək olmadığını bildirib və yaranan anlaşılmazlığa görə camiədən üzr istəyib.

Hücumçu paylaşımında sözügedən formanı klub seçimi olaraq deyil, sadəcə yaxın dostu ilə dəyişdiyi üçün geyindiyini vurğulayıb. Azarkeşləri yaxşı anladığını qeyd edən Marius bu hərəkətin səhv şərh edildiyini, lakin daxildəki incikliyi haqlı hesab etdiyini bildirib. O, bundan sonra da “Samsunspor”un uğurları üçün əlindən gələni edəcəyini deyib.