"Qalatasaray" yay transfer pəncərəsində heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün transfer siyahısına daha iki gənc futbolçunu daxil edib.
Baş məşqçilər korpusunun hesabatı əsasında “Bernli”nin futbolçusu Lesli Uqoçukvu üçün danışıqlara başlanılıb. “Qalatasaray” ilk mərhələdə oyunçunu icarəyə götürməyi planlaşdırsa da, İngiltərə klubu onun transferi üçün ən azı 22 milyon avro tələb edir. 22 yaşlı fransalı futbolçu ötən mövsüm “Bernli”nin heyətində 38 oyunda meydana çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray”ın maraq dairəsində olan digər futbolçu isə Danimarkanın “Midtyulland” klubunda çıxış edən Usman Diaodur. Mərkəz müdafiəçisi kimi oynayan 22 yaşlı seneqallı zərurət yarandıqda dayaq yarımmüdafiəçisi mövqeyində də çıxış edə bilir. Bildirilir ki, Danimarka klubu futbolçunun transferi üçün ən azı 12 milyon avro təzminat tələb edir.