Türkiyənin “Beşiktaş” klubu yeni mövsüm hazırlıqları çərçivəsində köklü dəyişikliklərə start verərək eyni gündə 6 futbolçusu ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm icarə əsasında heyətdə çıxış edən Kristjan Asllani, Jota Silva, Cengiz Ünder, El Bilal Toure və qapıçı Devis Vasquezin satınalma seçimlərindən istifadə etməyərək onları klublarına geri göndərib. Qara-bəyazlılar həmçinin müqavilə müddəti başa çatan təcrübəli yarımmüdafiəçi Salih Uçanla da yeni sözləşmə imzalamamaq qərarına gəlib. Klubun rəsmi sosial media hesabları vasitəsilə ayrılan hər bir oyunçuya göstərdikləri xidmətlərə görə təşəkkür edilib.

Siyahıda ən çox diqqət çəkən ayrılıqlardan biri, 2021-ci ildən bəri komandanın formasını geyinən Salih Uçan olub. Təcrübəli futbolçu “Beşiktaş” karyerası ərzində bir Türkiyə Kuboku və iki Süper Kupa çempionluğu sevinci yaşayaraq komandanın uğurlarında mühüm pay sahibi olmuşdu.