ABŞ-nin süni intellekt şirkəti "OpenAI" ilkin kütləvi səhm təklifini (IPO) gələn ilə qədər təxirə salmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə "The New York Times" üç məlumatlı mənbəyə istinadən yazıb.

Əvvəllər şirkətin bu ilin payızında birjaya çıxacağı gözlənilirdi. Analitiklərin hesablamalarına görə, IPO zamanı OpenAI-nin bazar dəyəri təxminən 1 trilyon ABŞ dolları ola bilər.

"The New York Times"ın həmsöhbətlərinin sözlərinə görə, şirkətin məsləhətçiləri "OpenAI"yə 1 trilyon dollarlıq qiymətləndirməyə nail olmaq üçün IPO-nu gələn ilə qədər təxirə salmağı tövsiyə ediblər. Onların fikrincə, əgər şirkət daha aşağı qiymətləndirmə ilə razılaşarsa, birjaya çıxış prosesi sürətləndirilə bilər.

Bundan əvvəl "The Information" nəşri də mənbələrə istinadən xəbər vermişdi ki, "OpenAI"nin baş direktoru Sem Altman IPO-nun 2027-ci ildə keçirilməsini istəyir.

Məlumata görə, bu ilin payızında digər süni intellekt startapı Anthropic də birjaya çıxa bilər. OpenAI kimi, şirkət artıq ilkin IPO müraciətini təqdim edib.

Son investisiya raundlarında Anthropic-in dəyəri 965 milyard ABŞ dolları, "OpenAI"nin isə 852 milyard ABŞ dolları olaraq qiymətləndirilib.