Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyası İslam dünyasında həmrəyliyin və parlament diplomatiyasının gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Onlarla ölkədən parlament nümayəndələrinin qatıldığı tədbir Azərbaycanın beynəlxalq siyasi platformalar üçün etibarlı tərəfdaş statusunu bir daha təsdiqləyir.
Konfransın əhəmiyyəti barədə Metbuat.az-a danışan millət vəkili Tural Gəncəliyev bildirib ki, Azərbaycanın son illərdə ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlər ölkənin qlobal mövqeyini daha da möhkəmləndirir. Millət vəkilinin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlamentarilərinin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisidir:
“Azərbaycanda növbəti qlobal əhəmiyyətli beynəlxalq tədbir keçirilir. İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin Parlament İttifaqı Konfransı böyük əhəmiyyət daşıyan tədbirlərdən biridir. İslam dünyasının müxtəlif ölkələrindən parlamentarilər ölkəmizə gəlirlər. Azərbaycan artıq belə beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Qoşulmama Hərəkatına sədrliyimiz, COP29, Beynəlxalq Şəhərsalma Forumu və digər mötəbər tədbirlər bunun bariz nümunəsidir. Bu dəfə isə İslam Əməkdaşlıq Təşkilatının parlamentariləri Azərbaycanda toplaşıblar”.
Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsi və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə yalnız ölkəmiz üçün deyil, bütövlükdə İslam dünyası üçün mühüm mesaj olub:
“44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etməyimiz İslam dünyasına da mühüm mesaj verdi. Azərbaycan göstərdi ki, işğalla barışmaq niyyətində deyil və öz ərazi bütövlüyünü təmin etməyə qadirdir. Mən hesab edirəm ki, İslam dövlətləri təşkilatında dönüş nöqtəsi yarada biləcək tarixə məhz Azərbaycan imza atıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi İslam dünyasına yeni nəfəs verdi, ümid çırağı yandırdı. Bu baxımdan Azərbaycanın qələbəsi İslam dünyası üçün ümid işığı və mühüm nümunə oldu”.
Millət vəkili qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində orta güc kimi formalaşaraq qlobal proseslərə təsir imkanlarını genişləndirib:
“Azərbaycan həm BMT, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində nüfuzunu artıran ölkələrdəndir. Ölkəmiz islamofobiya, ksenofobiya və ayrı-seçkilik meyillərinə qarşı mübarizədə ardıcıl siyasət həyata keçirir. Bu istiqamətdə Azərbaycanın fəaliyyəti İslam Əməkdaşlıq Təşkilatı üçün də nümunə sayıla bilər.
Azərbaycan, həmçinin beynəlxalq təşkilatlara rəhbərlik etmək və qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək sahəsində ciddi təcrübəyə malikdir. Bundan sonra da Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki fəal fəaliyyəti və Bakıda keçirilən Parlament İttifaqı Konfransı təşkilatın beynəlxalq nüfuzunun daha da artmasına töhfə verəcək.
Necə ki, biz bunu Qoşulmama Hərəkatı, COP29 və digər beynəlxalq tədbirlər zamanı gördük. Azərbaycan hansı beynəlxalq təşkilat çərçivəsində fəaliyyət göstərirsə və hansı tədbirə ev sahibliyi edirsə, həmin platformaların inkişafına yeni impuls verir.
Bu da ölkəmizin orta güc amilindən çıxış edərək öz gücünü qlobal miqyasda proyeksiya edə bilməsindən irəli gəlir. Məhz buna görə nüfuzlu beynəlxalq təşkilatlar və institutlar öz tədbirlərini Azərbaycanda keçirməyə can atırlar. Azərbaycan bu gün beynəlxalq gündəmin mühüm mərkəzlərindən biri kimi çıxış edir”.
Gülbəniz Hüseynli / Metbuat.az