Son vaxtlar Bakıda və Bakıətrafı qəsəbələrdə satışa çıxarılan həyət evlərinin sayında kəskin artım müşahidə olunur. Xüsusilə yazın ilk aylarında aramsız yağan yağışlardan sonra daşınmaz əmlak bazarında təkliflərin siyahısı xeyli genişlənib.
Metbuat.az xəbər verir ki, bu bolluğun fonunda diqqət çəkən əsas məqam bəzi evlərin müştərilərə real dəyərindən dəfələrlə baha qiymətə təklif olunmasıdır. Hazırda Bakıətrafı qəsəbələrdə nəinki 500 min, hətta 1 və 2 milyon manata satışa çıxarılan fərdi yaşayış evlərinə rast gəlmək mümkündür. Alıcı cəlb etmək üçün maklerlər və bu işi qazanc mənbəyinə çevirən vasitəçilər tərəfindən ən çox tirajlanan şüar isə budur: “Torpaq qiymətinə ev satılır!”
İnternet resurslarında yerləşdirilən cəlbedici videogörüntülərlə və elanlarla yaxından tanış olduqda bəyan edilən o “ucuz” evlərin qiymətinin əslində 300-500 min manat civarında olduğu aydın olur. Kiçik bir araşdırma apardıqda isə məlum olur ki, reklamda iddia edildiyi kimi, həmin ərazidə torpağın bir sotunun qiyməti heç də 30-40, yaxud 50 min manat deyil. Vasitəçilər süni şəkildə torpaq qiymətlərini şişirdir və guya tikilini müştəriyə “hədiyyə” verdiklərini iddia edərək psixoloji manipulyasiya edirlər. Sadəcə olaraq, “makler”lər şüuraltı təsir yaratmaq və müştəriləri aldatmaq üçün bu hiyləyə əl atırlar. Axı normal, rasional düşünən heç bir şəxs real olaraq yüksək xərc çəkdiyi mülkünü durduğu yerdə torpaq qiymətinə satmaz.
Bu cür əmlakların arxasında gizlənən digər və bəlkə də ən böyük problem isə keyfiyyətsiz tikinti və yer seçiminin yanlışlığıdır. “Torpaq qiymətinə” təqdim olunan evlərin əksəriyyəti qrunt sularının səviyyəsi yüksək olan, nəmişlik ərazilərdə inşa edilib və bir neçə ay əvvəl yağan aramsız yağışlar zamanı sulara təslim olan mülklərdir. Üstəlik, bu evlərin mühüm bir qisminin heç bir hüquqi sənədi, yəni çıxarışı (kupçası) yoxdur. Alıcılar ucuz və ya sərfəli elanlara aldanaraq həm gələcəkdə ciddi hüquqi risklərlə, həm də subasma və rütubət kimi infrastruktur fəsadları ilə baş-başa qalırlar. Bu səbəbdən daşınmaz əmlak alarkən “makler” fırıldaqlarına qarşı diqqətli olmaq və reallığı yerində yoxlamaq lazımdır.
Nazim Hüseynzadə / Metbuat.az