Bu gün “Türküstan” qəzetinin nəşrə başlamasının 20 ili tamam olur.
Metbuat.az xəbər verir ki, qəzet 2006-cı il iyunun 11-də fəaliyyətə başlayıb. Nəşrin əsas fəaliyyət istiqamətləri Türk dövlətləri arasında inteqrasiyanın təşviqi, dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycan mövzusu, eləcə də türk xalqlarının tarixi, mədəniyyəti və gələcəyi ilə bağlı materialların oxuculara çatdırılmasıdır.
“Türküstan” qəzeti fəaliyyət dövründə bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Nəşr 2012-ci ildə Ankarada TÜRKSOY tərəfindən “Türk dünyası mədəniyyətinin tanıdılmasına xidmət” mükafatı, 2017-ci ildə isə Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” mükafatı ilə təltif edilib.
Qəzetin elektron versiyası olan Turkustan.az saytı da fəaliyyətini davam etdirir. Sayt ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı operativ xəbərlər yayımlayır.
“Türküstan” qəzeti Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəstəklənən mətbu nəşrlər sırasındadır.
Metbuat.az kollektivi olaraq “Türküstan”da çalışan həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!