Strabon və Ammian Marsellin Atropatena haqqında nəyi fərqli şəkildə bildirirlər?
Avropa elmində XVII–XVIII əsrlərdə Şərqin coğrafiyası üzrə ən nüfuzlu mənbə kimi Strabon qəbul edilirdi ki, bu da çox vaxt digər məlumatların onun verdiyi məlumatlar vasitəsilə şərh olunmasına gətirib çıxarırdı. XVIII əsrin əvvəllərinə doğru bu tendensiya tamamilə möhkəmləndi. İsaak Kazobonun (Casaubon, Isaac 1620) nəşri Strabon mətninin kanonlaşdırılmasında ən mühüm mərhələlərdən biri oldu və iki əsr ərzində tarixşünaslıq ənənəsini müəyyənləşdirdi. Bu sistemdə Strabonun mətni ilə hər hansı uyğunsuzluq alternativ müəlliflərin səhvləri ilə izah edilir, Strabon isə faktiki olaraq antik tarix və coğrafiyanın yeganə avtoritetinə çevrilirdi. XVIII əsrin əvvəllərində Yakob Qronoviusun nəşri bu yanaşmanı daha da gücləndirdi və metodoloji prinsipi möhkəmləndirdi: coğrafi məlumatlar ilk növbədə Strabonla uyğunlaşdırılmalıdır. Nəticədə mənbələrin elə bir iyerarxiyası yarandı ki, burada gec antik müəlliflərinin alternativ məlumatları ikinci dərəcəli və asılı xarakter daşıyırdı. XVIII əsrin universitet elmində bu model prioritetə çevrildi. Gec Roma müəllifləri, o cümlədən Ammian Marsellin avtomatik olaraq daha az əhəmiyyətli və daha erkən, strabonçu ənənədən asılı hesab edirdilər.
Dəyişiklik yalnız XIX əsrdə baş verdi; bu dövrdə elmdə mənbələrin tənqidi inkişaf etməyə başladı. K. H. Heyne (Heyne, Christian Gottlob) ilk dəfə olaraq antik müəlliflərin Strabona münasibətdə sərt iyerarxiya çərçivəsindən kənarda müstəqil qiymətləndirilməsinin zəruriliyi məsələsini qaldırdı. A. Bökh (Böckh, August) bu mövqeyi gücləndirərək göstərdi ki, müəllifin yaşı həlledici meyar ola bilməz. Xüsusi rol Karl Müllerə məxsusdur; o göstərdi ki, Strabon özü də bir çox müəlliflərdən istifadə etmişdir. Nəhayət, mixi yazının deşifrə olunması (Rawlinson, Oppert, Haupt) vəziyyəti kökündən dəyişdirdi: elmi dövriyyəyə Strabonun coğrafi modelinin inhisarını sarsıdan əlavə müstəqil Yaxın Şərq mixi yazılı mənbələri daxil oldu.
“Strabonmərkəzli model”in zəifləməsi gec antik müəlliflərin roluna yenidən baxılmasına gətirib çıxardı. Bu xüsusilə Ammian Marsellinə aid idi; onun məlumatları uzun müddət ikinci dərəcəli və Strabonun konsepsiyasından asılı hesab olunmuşdu. Erkən yeni Avropa tarixşünaslığında Ammianın Şərq haqqında məlumatları Strabonun mövqeyi əsasında şərh edilir və nə birincisi müstəqil mənbə, nə də ikincisi etibarlı məlumat kimi qəbul olunurdu. Buna görə də XVIII–XIX əsrlərdə Ammianın məlumatlarına münasibət dəyişir. Bu dövrdə D’Anvil ilk dəfə müqayisəli-kartoqrafik metodu tətbiq edir və göstərir ki, gec antik mətnlər (o cümlədən Ammian Marsellin) müstəqil dəyərə malik ola bilər. Alman filoloji məktəbində K. H. Heyne mühüm bir prinsip formalaşdırır: antik müəlliflər bir-birindən asılı olmayan, müstəqil intellektual mənbələr kimi nəzərdən keçirilməlidir. K. Müllerin əsərləri Strabona daha tənqidi münasibətin formalaşmasına və müqayisə edilən mənbələrin dairəsinin genişlənməsinə kömək etdi. Bu şəraitdə Ammian artıq “kompilyator” deyil, öz tarixi konsepsiyasına malik müəllif kimi qəbul olunmağa başladı. Assuriyanın dağılması nəticəsində Atropatenanın yaranması haqqında Ammianın məlumatı (Amm. Res Gestae) xüsusi əhəmiyyət qazandı. Nəticədə Ammian Marsellin qədim tarix üzrə mühüm mənbə kimi nəzərdən keçirilməyə başlandı.
Buna görə də antik mənbələrdə Atropatenanın dövlətçilik statusu məsələsini yalnız bir versiyaya — Strabona və ya Ammiana — endirmək olmaz. Atropatena ilə bağlı söhbət tək bir hadisədən deyil, Ammian və Strabon tərəfindən təqdim edilən iki bərabərhüquqlu tarixi hadisədən gedir.
Ammian Marsellin (Res Gestae) məhz Atropatenanın formalaşmasından danışır və bunu daha erkən dövrə, Assuriya dövlətinin süqutu və Şərqdə siyasi məkanın yenidən bölüşdürülməsi ilə bağlı zamana aid edir. Burada başqa bir mühüm məqam da vardır: Ammian açıq şəkildə bildirir ki, o, “kitablarda oxunan” məlumatları təqdim edir (ut in libris legitur). Bu isə o deməkdir ki, o, şəxsi müşahidələrinə deyil, daha qədim, günümüzə gəlib çatmamış yazılı ənənəyə əsaslanır.
Tamamilə fərqli bir aspekti Strabonda (Geographica) görürük; o, Makedoniyalı İskəndərin imperiyasının dağılmasından sonrakı vəziyyəti təsvir edir. Onun mətnində söhbət “Atropatena dövlətinin yaradılmasından” deyil, onun postaleksandr dövründəki siyasi transformasiyasından (e.ə. 323–321-ci illər) gedir. Strabona görə Atropat ərazinin bir hissəsini ayırır və ona muxtar status verir. Lakin mühüm olan budur ki, bu, “heç nədən yeni dövlətin yaranması”nın təsviri deyil, siyasi yenidən bölgünün qeydidir, başqa sözlə, Ammianın məlumat verdiyi kimi, hələ Assuriya dövründə yaradılmış ölkənin dirçəldilməsidir. Hətta Strabonda ərazinin Atropatın adı ilə adlandırılması barədə qeyd belə ölkə adının sözün həqiqi mənasında “mənşəyi” demək deyil. Əhəməni və İskəndərdövrləri çərçivəsində “Atropat” anlayışı sülalə titulunu ifadə edirdi və müstəqilliyin bərpası şəraitində bu titul sülalə legitimliyi qazanaraq dirçəlmiş ölkəyə verilmişdir. Bu baxımdan Strabonda Atropatena hər şeydən əvvəl inzibati yenidən təşkilatlanmanın təsviridir, ölkənin mənşəyinin təsviri deyil.
Beləliklə, qarşımızda ziddiyyət deyil, iki müxtəlif tarixi dövrün modeli dayanır: Marsellində postassuriya dövrü, Strabonda isə postaleksandr dövrü. Atropatenanın mənşəyinin şərhi tarixi “daha doğru” antik müəllifin seçilməsi yolu ilə həll edilə bilməz. Bunun səbəbi Ammian və Strabonun məlumatlarının müxtəlif tarixi hadisələr dövrünü əks etdirməsidir. Ammian Şərq tarixinin dərin qatlarına gedib çıxan ənənəni (postassuriya dövrü) xatırladır. Strabon isə ellinistik dünyanın (postaleksandr dövrünün) siyasi-inzibati reallığını təsbit edir.
Müasir elm antik müəlliflərə getdikcə daha az dərəcədə bir-biri ilə rəqabət aparan “həqiqətlər” kimi yanaşır. Əvəzində onlar tarixi keçmişin qurulmasının müxtəlif mərhələləri kimi qəbul edilirlər. Atropatenanın mənşəyini anlamağın açarı da məhz bundadır: bu, iki tarixi ənənənin kəsişməsidir və onların hər biri Atropatenanın müvafiqdövrü haqqında məlumat verir.
Beləliklə, Ammian Marsellin bildirir ki, Atropatena Assuriyanın dağılması nəticəsində yaradılmışdır; bu hadisə onun paytaxtı Ninevanın e.ə. 612-ci ildə süqut etməsi nəticəsində baş vermişdir. Həmin vaxtdan etibarən Atropatenanı mürəkkəb bir tale gözləyirdi. O, cəmi 27 il öz müstəqilliyini qoruyub saxlaya bildi; e.ə. 585-ci ildə midiyalılar Atropatenanı tabe etməyə nail oldular, e.ə. 550-ci ildə isə farslar Midiyanı Atropatena ilə birlikdə fəth edərək Əhəməni adı ilə tanınan yeni bir imperiya yaratdılar. E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər fars imperiyasını fəth etdi və Midiya ilə Atropatena onun imperiyasının tərkibinə daxil oldu. Strabonun məlumatı isə İskəndərin ölümündən sonra Atropatın e.ə. 321-ci ildə öz vətəninin müstəqilliyini və Atropatena adını bərpa etməyə nail olduğu dövrə aiddir.
Həsən Həsənov,
Tarix elmləri doktoru