Uşaqların hüquqlarının qorunması və onların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

Mətbuat.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Baş prokuror bildirib ki, uşaqlara qarşı törədilən hüquq pozuntuları və onların cinayət hadisələrinin təsirinə məruz qalması cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdəndir.

“2025-ci ildə yüzlərlə yetkinlik yaşına çatmayan şəxs müxtəlif cinayət hadisələri üzrə zərərçəkmiş qismində tanınıb. Eyni zamanda müəyyən sayda azyaşlı cinayət məsuliyyətinə cəlb olunub. Bu göstəricilər digər ölkələrlə müqayisədə yüksək hesab edilməsə də, hər bir uşaqla bağlı baş verən hüquq pozuntusu bizi narahat edir”, – deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyev qeyd edib ki, uşaqların hüquqlarının müdafiəsində hüquqi maarifləndirmənin rolu xüsusi əhəmiyyət daşıyır.

“Hüquqi biliklərin uşaqlara aşılanması, onların hüquq və vəzifələri barədə məlumatlandırılması gələcəkdə hüquq pozuntularının qarşısının alınmasına mühüm töhfə verir”, – o bildirib.

Baş prokuror çıxışında valideyn məsuliyyəti məsələsinə də toxunaraq bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliklərdən sonra prokurorluq orqanlarına valideynlik hüququnun məhdudlaşdırılması və ya həmin hüquqdan məhrum etmə ilə bağlı məhkəmələrə müraciət etmək səlahiyyəti verilib.

“Bu müddət ərzində prokurorluq tərəfindən məhkəmələrə təqdim edilən iddiaların əksəriyyəti təmin olunub. Bununla belə, valideynlik hüququndan məhrum etmə kifayət qədər ağır qərardır və yalnız son çarə kimi tətbiq edilir. Belə hallarda aidiyyəti qurumlarla geniş müzakirələr aparılır və ilk növbədə uşağın mənafeyi nəzərə alınır”, – Kamran Əliyev əlavə edib.

Baş prokuror vurğulayıb ki, uşaqların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması və onların rifahının qorunması istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

Gülbəniz Hüseynli / Mətbuat.az