"Hüquq düşüncəsi yalnız hüquqi biliklərə yiyələnməkdən ibarət deyil. Uşaqlar hüquq normalarını bilməklə yanaşı, həmin normalara, hüquqi dəyərlərə və hüquq institutlarına hörmətlə yanaşmağı da bacarmalıdırlar".

Metbuat.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının üzvü Abil Bayramov “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.

Vəkillər Kollegiyasının üzvü qeyd edib ki, bu prosesdə uşaqlarda hüquqa uyğun davranış modeli formalaşdırılmalıdır. Onun sözlərinə görə, əsas hədəf uşaqların hüquqi bilikləri mənimsəməklə yanaşı, bu biliklərə düzgün münasibət göstərməsi və müxtəlif hüquqi situasiyalarda necə davranmalı olduqlarını bilməsidir.

Abil Bayramov vurğulayıb ki, əgər uşaq ayrı-seçkiliyin yanlış olduğunu anlayırsa, ədalətsiz davranışın qəbuledilməzliyini dərk edirsə, dövlət rəmzlərinə hörmət etməyin vacibliyini başa düşürsə və başqasının şəxsiyyətinə hörmətlə yanaşmağı bacarırsa, deməli, hüquq artıq onun həyatının bir hissəsinə çevrilmişdir.

“Bizim məqsədimiz uşaqlara yalnız hüququ öyrətmək deyil. Biz çalışmalıyıq ki, uşaqlar hüququ bilsin, ona hörmət etsin və gündəlik həyatlarında hüquqa uyğun davranmağı bacarsınlar”, - deyə o əlavə edib.

Gülbəniz Hüseynli / Mətbuat.az