"Gələcəkdə Azərbaycanda tətbiq olunan QR ödəniş sistemlərinin digər ölkələrin QR ödəniş sistemləri ilə inteqrasiyası mümkün olacaq".

Mətbuat.az xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin direktor müavini Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, beynəlxalq standartların tətbiqi nəticəsində eyni standartdan istifadə edən digər ölkələrin QR ödənişləri də Azərbaycanda qəbul oluna biləcək.

“İnanıram ki, bu yanaşma banklar və ümumilikdə ödəniş ekosistemi üçün mühüm üstünlüklər yaradacaq”, — deyə R.Mahmudov bildirib.

Ramil Mahmudov qeyd edib ki, Ani Ödənişlər Sisteminin (AÖS) göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Onun sözlərinə görə, sistem üzrə aylıq dövriyyə üç dəfə artaraq 1 milyard manata çatıb, aylıq əməliyyatların sayı isə 4,5 dəfə yüksələrək 9 milyona yaxınlaşıb.

"AZQR üzrə əməliyyat dövriyyəsinin həcmi 8,8 dəfə artaraq 20 milyon manata çatıb. Eyni zamanda, AÖS üzərindən həyata keçirilən hökumət ödənişləri platforması (HÖP) əməliyyatlarının sayı da 35 dəfə artaraq aylıq 600 minə yaxınlaşıb".

O vurğulayıb ki, hazırda AÖS vasitəsilə P2P ödənişləri bütün banklar tərəfindən təmin edilir. Bununla yanaşı, AÖS üzərindən AZQR ödənişlərinin tətbiqi genişləndirilir, hüquqi şəxslər arasında köçürmə imkanları yaradılır və sistemin dayanıqlığının artırılması məqsədilə yeni modullar istifadəyə verilir.

Gülbəniz Hüseynli / Mətbuat.az