Arzular çiçək açır

Tarix Azərbaycan xalqını çox sınağa çəkib. Bu sınaqlardan biri də qaçqınlıq və köçkünlük yükünü daşımaqdır. Bu sınaq sadəcə fiziki bir köç deyil, həm də mənəvi, psixoloji və sosial çətinliklərlə dolu uzun bir yol idi. Azərbaycan xalqı otuz ilə yaxın bir müddətdə bu yükü çiynində daşıdı. Bir milyondan çox insanımız öz doğma yurdundan didərgin düşərək məcburi köçkün statusu ilə yaşamaq məcburiyyətində qaldı. Hazırda gözəlliyi ilə göz qamaşdıran Qarabağa, Şərqi Zəngəzura uzanan yol çadır şəhərciklərindən başlayır…

Bu gün tamamilə fərqli, qürurverici bir tarixi mərhələni yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarımız yenidən abadlaşdırılır, müasir şəhərlər, qəsəbələr, kəndlər inşa olunur. Uzun illər dogma yurdun həsrətini çəkən, dogma torpağın niskili ilə qovrulan insanlar öz el-obasına qayıdır. Artıq “məcburi köçkün” anlayışı tarixin arxivinə köçür və yerini “Böyük Qayıdış”ın daha parlaq mərhələsinə verir. Bu tarixi qayıdış sadəcə insanların coğrafi olaraq yerini dəyişməsi demək deyil. Bu, həm də dövlətin sosial siyasətində tamamilə yeni, daha mükəmməl və dayanıqlı bir modelin qurulmasınının təzahürüdür. İllərdir müvəqqəti şəraitdə məskunlaşan insanların artıq öz daimi, təhlükəsiz və firavan evlərində yaşamaq dövrü çatıb. Bu məqsədlə formalaşdırılan yeni sosial dəstək mexanizmləri insanların həm iqtisadi, həm də sosial cəhətdən yeni həyata uyğunlaşmasını təmin edir.

Sosial müdafiədən sosial inteqrasiyaya keçid

Bu gün həyata keçirilən islahatların və yeni modelin mahiyyəti kifayət qədər dərindir. Bu keçidin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, klassik sosial müdafiə anlayışı artıq sosial inteqrasiya anlayışı ilə tamamlanır. Keçmiş illərdə dövlətin əsas funksiyası məcburi köçkünlərin müvəqqəti ehtiyaclarını qarşılamaq, onlara sosial müavinətlər vermək və nisbətən normal şərait yaratmaq idisə, bu gün qarşıda duran hədəf tamamilə fərqlidir. İndi əsas məqsəd yalnız insanlara maddi dəstək göstərmək deyil, həm də onların iqtisadi və ictimai həyata daha fəal qoşulmasına şərait yaratmaqdır.

Sosial inteqrasiya insanların cəmiyyətin tamhüquqlu fərdlərinə çevrilməsini nəzərdə tutur. Azad olunmuş ərazilərə köçən vətəndaşlarımız artıq hər ay dövlətdən yardım alan şəxslər deyil, həmin bölgələrin yenidən qurulmasında, abadlaşdırılmasında iştirak edən, daşı-daş üstünə qoyan zəhmətkeş vətəndaşlardır. Dövlət tətbiq etdiyi yeni mexanizmlərlə insanlara sadəcə imkanlar yaratmır, həm də onların öz daxili potensialını üzə çıxarmasına kömək edir. Bu yanaşma həm fərdin rifahını yüksəldir, həm də dövlətin sosial yükünü azaldaraq cəmiyyətdə sağlam bir iqtisadi mühit formalaşdırır. Obrazlı desək, indi insanlar “çörəkpulu” almaq üçün ayın sonunu gözləmirlər, onların çörəklərinin pulunu öz halal zəhmətləri ilə qazanırlar…

Keçid dövrünün həssaslığı və davamlı dəstək

Məskunlaşma prosesinin sürətlə və problemsiz yekunlaşması mümkün deyil. İllər boyu fərqli şəhər və rayonlarda, fərqli sosial mühitlərdə yaşamış insanların yenidən öz doğma bölgələrinə qayıtması müəyyən bir uyğunlaşma dövrü tələb edir. Keçid dövrü adlandıra biləcəyimiz bu zaman kəsiyində insanların həm maddi, həm də mənəvi baxımdan dəstəklənməsi mühüm şərtdir. Dövlət siyasətinin əsasını təşkil edən sosial həssaslıq prinsipi məhz burada özünü qabarıq şəkildə göstərir.

Vətəndaşların yeni yaşayış şəraitinə rahat və maneəsiz şəkildə uyğunlaşmasına dəstək göstərmək məqsədilə dövlətin sosial müdafiə tədbirləri keçid dövründə də davam etdirilir. Yəni köçən ailələr ilk gündən etibarən taleyin ümidinə buraxılmır. Onların məşğulluq, səhiyyə, təhsil və digər ilkin ehtiyacları tam qarşılanana qədər dövlətin dəstək mexanizmləri aktiv şəkildə fəaliyyət göstərir. Bu yanaşma insanlarda gələcəyə qarşı böyük bir güvən hissi yaradır və onların yeni mühitə adaptasiyasını xeyli sürətləndirir.

Dayanıqlı məskunlaşma: ev təminatından iqtisadi gələcəyə

Dövlətin həyata keçirdiyi bu yeni modelin ən fundamental prinsiplərindən biri dayanıqlılıqdır. Bu yanaşma sosial müdafiədən sosial-iqtisadi fəallığa keçidin əsas göstəricilərindən biridir. Çünki dayanıqlı məskunlaşma yalnız başının üstündə bir damın, yəni evlə təminatın olması demək deyil. Bu, həm də həmin evdə yaşayan ailənin iqtisadi gələcəyinin, dolanışığının və gəlir mənbələrinin təmin olunmasıdır.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib ki, hər bir ailə üçün yeni köçdüyü yerdə daimi iş yerinin və ya gəlir gətirən fəaliyyət növünün olması vacibdir: “Məhz buna görə də yeni model çərçivəsində evlərin tikilməsi ilə paralel olaraq, həmin ərazilərdə iqtisadi zonalar, kənd təsərrüfatı sahələri, sənaye parkları və xidmət sektorları inkişaf etdirilir. Hər bir sakinin öz potensialına uyğun iş tapması, öz kiçik biznesini qurması üçün dövlət tərəfindən xüsusi proqramlar, subsidiyalar və güzəştli kreditlər təklif olunur. Nəticədə ailələr öz iqtisadi müstəqilliyini qazanır və köçdükləri torpaqlara daha möhkəm tellərlə bağlanırlar. Bu siyasət keçmiş məcburi köçkünlər tərəfindən bəyənilir və dəstəklənir”.

Fotoda: Millət vəkili Ceyhun Məmmədov

Ceyhun Məmmədov qeyd edib ki, yeni yaşayış məntəqələrində müasir məktəblərin yaradılması, peşə təhsili imkanlarının genişləndirilməsi və gənclərin əmək bazarına inteqrasiyası regionun sosial-iqtisadi inkişafına birbaşa təsir göstərəcək. Tikilən hər bir yeni məktəb binası müasir texnologiyalarla, laboratoriyalarla təchiz olunur.

Sosial xidmətlərin əlçatanlığı və mənəvi dəstək

Məskunlaşmanın yeni modelində inzibati və struktur məsələlərlə yanaşı, insan amili hər zaman mərkəzdə dayanır. Sosial xidmətlərin əlçatanlığının artırılması da qarşıdakı mərhələnin əsas vəzifələrindən biri olacaq. Dövlət qurumları xidmətləri vətəndaşın ayağına gətirmək, bürokratik əngəlləri tamamilə aradan qaldırmaq prinsipləri ilə işləyir. DOST mərkəzləri, mobil xidmət şəbəkələri vasitəsilə hər bir sakin öz hüquqi və sosial xidmətlərini operativ şəkildə ala bilir.

Uzun illər köçkünlük həyatı yaşamış yaşlı nəslin, müharibədən zərər çəkmiş fərdlərin mənəvi və psixoloji reabilitasiyası diqqət mərkəzindədir. Sosial işçilər və psixoloqlar ailələri fərdi şəkildə ziyarət edir, onların ehtiyaclarını yerində müəyyənləşdirir və lazımi mənəvi dəstəyi göstərirlər. Bu, dövlətin öz vətəndaşına olan doğma və humanist münasibətinin ən gözəl nümunəsidir.

Gələcəyə açılan yeni üfüqlər

Azərbaycan dövlətinin məcburi köçkünlərin qayıdışı ilə bağlı tətbiq etdiyi yeni sosial dəstək modeli dünyaya örnək ola biləcək bir təcrübədir. Bu model sadəcə bərpa və yenidənqurma layihəsi deyil; bu, insana verilən dəyərin, sosial ədalətin və milli birliyin simvoludur. "Müvəqqəti məskunlaşmadan dayanıqlı yaşayışa" doğru atılan hər bir addım bizi daha güclü və firavan gələcəyə yaxınlaşdırır.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda tikilən yeni evlər, məktəblər, canlanan torpaqlar təkcə fiziki yenilənmənin deyil, həm də mənəvi intibahın, yüksəlişin göstəricisidir. Dövlətin yaratdığı güclü iqtisadi və sosial mexanizmlər sayəsində doğma yurduna qayıdan hər bir vətəndaşımız artıq özünü daha güclü, daha əmin və gələcəyə ümidlə baxan bir fərd kimi hiss edir. Dayanıqlı yaşayış modeli ilə bu torpaqlarda həyat əbədi olaraq yenidən çiçəklənir.

Aynur Abdınova / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.