"Şəhərlərin transformasiyası üçün yerli və regional hakimiyyətlər də daxil olmaqla cəmiyyətin bütün üzvləri ilə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Şəhərsalma prosesləri yaşayış təcrübələrinə əsaslanmalı və mənzil təminatı dayanıqlı inkişafın əsas şərtlərindən biri kimi qəbul edilməlidir".

Metbuat.az xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini Amina Məhəmməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yekun mətbuat konfransında çıxışı zamanı deyib. Amina Məhəmməd Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində şəhərsalma və inklüziv inkişafla bağlı çağırışlar edib.

O qeyd edib ki, qarşıdakı COP31, İkinci BMT Su Konfransı və Yeni Şəhər Gündəliyinin icmalı kimi mühüm beynəlxalq mərhələlər ərəfəsində yerli səviyyədə iqlimə uyğunlaşma və dayanıqlı inkişaf prioritet olmalıdır.

BMT rəsmisinin sözlərinə görə, Yeni Şəhər Gündəliyinin qəbulundan sonra müəyyən irəliləyişlər əldə olunsa da, hələ də çoxlu yarımçıq qalan məsələlər mövcuddur.

Amina Məhəmməd əlavə edib ki, WUF13-də nümayiş etdirilən enerji, tərəfdaşlıq və həll yolları ümidvericidir və Bakının “fəaliyyət çağırışı” dayanıqlı şəhərləşmənin etimadın bərpası, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) sürətləndirilməsi və çoxtərəfli əməkdaşlığın yenilənməsi üçün güclü yol olduğunu göstərir.

O, sonda bildirib ki, forumdan sonra məqsəd inklüziv, dayanıqlı və insan ləyaqətinə əsaslanan şəhər və icmaların qurulmasıdır.

Gülbəniz Hüseynli / Metbuat.az