"WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətlərin formalaşdırılması istiqamətində ardıcıl səylərinin məntiqi davamıdır və ölkədə aparılan milli şəhərsalma müzakirələrinin beynəlxalq platformaya çıxarılmasıdır".

Metbuat.az xəbər verir ki, bu sözləri XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı milli koordinatoru Anar Quliyev Bakıda keçirilən forumun yekun mətbuat konfransında WUF13-ün nəticələrini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək böyük məsuliyyət olmaqla yanaşı, BMT-Habitat və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir.

Anar Quliyev qeyd edib ki, WUF13 qlobal miqyasda geniş iştirakla yadda qalıb: forumda ümumilikdə 53 500 nəfər iştirak edib, onlardan təxminən 50 000 nəfər əyani, 3 000-dən çoxu isə onlayn qatılıb. Tədbir çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub, 125 ölkədən 400-ə yaxın spiker forumda çıxış edib.

O vurğulayıb ki, WUF13 çərçivəsində bir sıra mühüm yeniliklər tətbiq edilib. Bunlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “Liderlər Bəyanatı” sessiyası olub. Bu sessiyada 27 dövlət və hökumət başçısı və beynəlxalq təşkilat rəhbərləri iştirak edərək qlobal şəhərsalma gündəliyinə güclü siyasi dəstək nümayiş etdiriblər.

Milli koordinator əlavə edib ki, forum çərçivəsində keçirilən Nazirlər Görüşü də mühüm mərhələ olub. 111 ölkədən nümayəndə heyətinin qatıldığı görüşdə 80 ölkə nazirlər və nazir müavinləri səviyyəsində təmsil olunub, qalan nümayəndə heyətləri isə səfir və yüksək vəzifəli rəsmilər səviyyəsində iştirak edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən keçirilən bu görüş Yeni Şəhər Gündəliyinin icrasına dair daha interaktiv və nəticəyönümlü müzakirələr üçün platforma yaradıb və əldə olunan nəticələr BMT-də keçiriləcək yüksək səviyyəli iclaslara töhfə verəcək.

Anar Quliyev həmçinin bildirib ki, WUF13 Azərbaycanın genişmiqyaslı şəhərsalma və bərpa proqramını da əks etdirir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri çərçivəsində 12 şəhər və 300-dən çox kənd tamamilə yenidən qurulur, 110 şəhər və kəndin baş planı təsdiqlənib, daha 4 yaşayış məntəqəsi üzrə planlaşdırma işləri isə davam etdirilir.

Gülbəniz Hüseynli / Metbuat.az