"Grand Theft Auto VI" oyunu üçün ön sifarişlər mayın 18-də başlaya bilər.
Metbuat.az xəbər verir ki, bu barədə “Best Buy” mağazalar şəbəkəsindən sızan məlumatda qeyd edilib.
Məlumata əsasən, bəzi istifadəçilərə yanlışlıqla göndərilən tanıtım e-poçtunda oyunun fiziki versiyası üçün ön sifariş tarixinin yer aldığı deyib. İddialara görə, kampaniya mayın 21-dək davam edəcək və onlayn sifarişlərə 5 faiz endirim tətbiq olunacaq.
Sızıntını ilk paylaşan şəxs “YouTube” platformasında fəaliyyət göstərən "Frogboyx1Gaming" olub. O, yayım zamanı “Best Buy”a aid olduğu deyilən kampaniya görüntülərini nümayiş etdirib. Daha sonra sosial şəbəkələrdə başqa istifadəçilər də oxşar məktublar aldıqlarını iddia ediblər.
Bununla belə, yayılan görüntülərin həqiqiliyi hələ rəsmi şəkildə təsdiqlənməyib. Mütəxəssislər bildirirlər ki, saxta vizuallar hazırlamaq artıq daha asan olduğundan məlumatlara ehtiyatla yanaşmaq lazımdır.
İddialar doğru olarsa, yaxın günlərdə oyunun qiyməti və yeni treyleri də açıqlana bilər. Çünki ön sifariş mərhələsinin başlaması adətən rəsmi satış detallarının paylaşılması anlamına gəlir.
Qeyd edək ki, "Rockstar Games" daha əvvəl "Grand Theft Auto VI" üçün çıxış tarixinin 19 noyabr 2026-cı il olaraq saxlanıldığını açıqlamışdı.