Müasir qlobal iş mühitində peşəkarlıq artıq yalnız texniki bilik və ixtisas göstəriciləri ilə məhdudlaşmır. Əmək bazarının beynəlmiləlləşməsi fonunda mütəxəssislərdən gözlənilən əsas kompetensiyalardan biri də effektiv və strateji ünsiyyət bacarığıdır.

Məhz bu kontekstdə “Executive English Coaching” (EEC) tərəfindən təqdim olunan yanaşma xüsusi diqqət çəkir. Şirkət problemin kökündə yalnız ingilis dili biliklərinin deyil, “ünsiyyət yetkinliyi”nin yəni peşəkarın qlobal mühitdə özünü necə təqdim etməsi, necə düşünməsi və necə ifadə etməsinin dayandığını ön plana çıxarır.

İki ildir Azərbaycan bazarında müxtəlif xidmətlər təqdim edən “Executive English Coaching” şirkətinin satış departamentinin rəhbəri Özlem Helvacıoğlu Metbuat.az-a müsahibə verib.

– Özlem xanım, "Executive English Coaching" necə yarandı?

“Executive English Coaching” şirkətinin təməlində Amerika əsilli türk qadın sahibkar Billur Cremer dayanır. O, uzun illər xaricdə – Hannover və Nyu-York kimi şəhərlərdə yaşayıb və türklərin tez-tez qarşılaşdığı, bir növ sistemli problemə çevrilmiş bir məsələni yaxından müşahidə edib. Bu, ingilis dilində sərbəst danışa bilməmək və daha da önəmlisi, özünü inamla ifadə edə bilməmək idi.

Onun baxışına görə, bu problem yalnız dil biliyinin çatışmazlığı ilə bağlı deyildi. Əsas səbəblər psixoloji baryerlər, özgüvən əskikliyi və kommunikasiya bacarıqlarının yetərincə inkişaf etməməsi idi. Məhz bu müşahidələr onu Türkiyəyə qayıtdıqdan sonra bu sahəyə fokuslanan xüsusi platforma yaratmağa sövq edib.

Billur xanımın yanaşması sadə, lakin dərin məzmunludur. O, insanlara “siz bacarıqsızsınız” mesajını vermək əvəzinə, onların daxilində mövcud olan, lakin üzə çıxmayan potensialı inkişaf etdirməyi hədəfləyirdi.

Nəticədə, o, yalnız dil təlimi deyil, həm də peşəkar kommunikasiya və özgüvən inkişafını əhatə edən sistem qurdu. Bu gün artıq 16 ildir ki, “Executive English Coaching” bu istiqamətdə fəaliyyət göstərir və minlərlə peşəkarın qlobal iş mühitində daha inamlı şəkildə özünü ifadə etməsinə dəstək olur.

– Şirkətin iş prinsipləri barədə nə deyə bilərsiniz?

Şirkətin yanaşması ənənəvi dil kurslarından köklü şəkildə fərqlənir. Burada əsas fokus yalnız qrammatika və ya söz ehtiyatı deyil. Çünki iş mühitində “yarımçıq” ingilis dili kifayət etmir.

Xüsusilə top-menecerlər üçün beynəlxalq iclaslarda iştirak etmək, düzgün terminologiyadan istifadə etmək, danışıqlarda mövqe bildirmək və fikri aydın şəkildə təqdim etmək vacibdir. Bu səbəbdən proqramlar iş ingiliscəsi ilə yanaşı kommunikasiya strategiyası, danışıqlar bacarığı və sosial mühitdə sərbəst ünsiyyət kimi komponentləri də əhatə edir. Məqsəd iştirakçıların yalnız rəsmi görüşlərdə deyil, gündəlik sosial situasiyalarda da tərəddüd hissini aradan qaldırmaqdır.

Şirkət həm fərdi, həm də korporativ müştərilərlə işləyir və artıq 500-dən çox böyük şirkətlə əməkdaşlıq edir. Müştəri bazasının genişlənməsi əsasən tövsiyələr hesabına baş verir ki, bu da xidmət keyfiyyətinin göstəricisi kimi qiymətləndirilir.

Eyni zamanda, müştəri məmnuniyyəti sistemli şəkildə izlənilir. Xüsusi əməliyyat komandası hər bir iştirakçı ilə əlaqə saxlayır, inkişaf dinamikasını izləyir və davamlı geribildirim toplayır. Bu yanaşma xidmətin effektivliyini artıran əsas amillərdən biridir.

– “Yalnız dil öyrətmək deyil, karyera hazırlamaq” modeli necə formalaşıb?

“Executive English Coaching”in təqdim etdiyi model daha geniş konsepsiyanı əhatə edir. Burada məqsəd yalnız dil öyrətmək deyil, qlobal karyeraya hazır kadr formalaşdırmaqdır.

Bu çərçivədə iştirakçılar üçün fərdi inkişaf planları hazırlanır, liderlik və kommunikasiya koçinqi təqdim olunur, həmçinin beynəlxalq mühitə uyğun davranış və imic formalaşdırılması istiqamətində dəstək verilir.

Beləliklə, yerli bazarda fəaliyyət göstərən bir mütəxəssis qısa müddətdə beynəlxalq platformalarda çıxış edə biləcək səviyyəyə çatdırılır. Şirkət bu prosesi “yol yoldaşlığı” kimi dəyərləndirir.

– Şirkətdə qadın əməkdaşlara üstünlük verilməsi hansı strategiyanın tərkib hissəsidir?

Bu təşəbbüs şirkətin daxili korporativ mədəniyyətinin əsas elementlərindən biridir. Şirkətdə qadın əməkdaşlara üstünlük verilir və təlimçi heyətinin böyük hissəsi qadınlardan ibarətdir. Burada rəqabətdən çox qarşılıqlı dəstək və inkişaf mühiti formalaşdırılıb.

Əməkdaşlar əsasən məsafədən işləsələr də, daxili ünsiyyət aktiv saxlanılır, mütəmadi görüşlər təşkil olunur. Xüsusilə iş və şəxsi həyat balansına həssas yanaşma şirkətin əsas prinsiplərindən biridir.

Şirkət daxilində işçilərə “daxili müştəri” kimi yanaşılır. Əgər əməkdaş məmnundursa, bu, birbaşa xidmət keyfiyyətinə və nəticələrə təsir göstərir. Bu səbəbdən davamlı inkişaf, açıq geribildirim və səhvlərdən öyrənmə mədəniyyəti prioritet hesab olunur.

– Rəqəmsallaşma və süni intellekt şirkətin iş modelinə necə təsir edir?

Hazırda şirkət fəaliyyətini daha çox rəqəmsal və texnoloji alətlər üzərində qurur. Veb-sayt mütəmadi yenilənir, eyni zamanda süni intellekt əsaslı sistemlərin inkişafı üzərində iş aparılır.

Lakin məqsəd insan faktorunu aradan qaldırmaq deyil. Əksinə, onu daha effektiv və ağıllı texnologiyalarla dəstəkləməkdir.

Müşahidələr göstərir ki, texnologiyaya uyğunlaşa bilməyən şirkət və mütəxəssislər gələcəkdə rəqabətdə geri qalmaq riski ilə üz-üzə qalacaqlar. Artıq bu tendensiya iş dünyasında açıq şəkildə hiss olunur.

– Hansı təlim proqramları mövcuddur?

“Executive English Coaching” çərçivəsində peşəkarların beynəlxalq iş mühitinə hazırlanması üçün geniş təlim proqramları təqdim olunur.

Bunlara "Business English", "Speakout" (danışıq bacarıqları), "E-mail Writing" (peşəkar yazışma), "Presentation Skills" (təqdimat bacarıqları), "Negotiation and Persuasion Skills" (danışıqlar və ikna bacarıqları), "Interviewing Skills" (müsahibə hazırlığı), eləcə də HR, hüquq, tibb, marketinq və MBA səviyyəsinə yönəlmiş ixtisaslaşmış proqramlar daxildir.

Bu proqramların məqsədi iştirakçıların yalnız dil biliklərini deyil, həm də qlobal mühitdə özünü ifadə etmə və təsirli kommunikasiya bacarıqlarını inkişaf etdirməkdir.

– Kimlər bu xidmətlərdən yararlana bilər?

Proqramlar əsasən artıq müəyyən peşəkar təcrübəyə malik və beynəlxalq mühitə çıxmaq istəyən şəxslərə yönəlib. Xüsusilə rəhbərlər və menecerlər, beynəlxalq şirkətlərlə işləyən mütəxəssislər, tez-tez təqdimat və görüşlərdə iştirak edənlər, həmçinin karyerasını qlobal səviyyəyə daşımaq istəyən şəxslər üçün nəzərdə tutulub. Burada məqsəd sıfırdan dil öyrətmək deyil, mövcud bilikləri güclü kommunikasiya bacarıqları ilə tamamlayaraq daha təsirli ifadə imkanları yaratmaqdır.

– Azərbaycan bazarında fəaliyyət göstərmək sizin üçün nə ifadə edir?

Azərbaycan bazarı şirkət üçün strateji əhəmiyyət daşıyır. Çünki hər bazarın özünəməxsus iş üslubu və davranış modeli mövcuddur.

Artıq iki ildir ki, şirkət Azərbaycanda fəaliyyət göstərir və bankçılıq, maliyyə, enerji, pərakəndə satış və texnologiya sektorlarında xidmətlər təqdim edir. Xidmətlər əsasən orta və yüksək səviyyəli rəhbər şəxslərə yönəlib.

Şirkət eyni zamanda bir neçə ölkədə fəaliyyətini genişləndirir və yeni bazarlara çıxış strategiyalarını həyata keçirir. Türkiyədə tətbiq olunan model ilə Azərbaycan bazarında müşahidə edilən yanaşmalar arasında müəyyən fərqlər mövcuddur. Bu səbəbdən qiymət siyasəti, məzmun və ümumi yanaşmanın lokallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda müşahidə olunur ki, türk şirkətləri Azərbaycan bazarına daha asan daxil olur. Bunun əsas səbəbi mədəni yaxınlıq və iş üslublarının uyğunluğudur. Bu oxşarlıq əməkdaşlığı asanlaşdırır və qarşılıqlı etibarı gücləndirir.

Gülbəniz Hüseynli / Metbuat.az