Türkiyəli tanınmış sənətçi Fatih Ürekin vəfatından sonra milyonluq mirasının taleyi ilə bağlı hüquqi proses yekunlaşıb. Uzun müddətdir maraq doğuran sərvətin bölüşdürülməsi artıq rəsmiləşib.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, sənətçinin mirası onun qanuni varisləri olan bacıları Sevli Ürek və Nurgül Fırat arasında paylaşdırılıb. Məsələ ilə bağlı açıqlama verən jurnalist Seyhan Erdağ bildirib ki, hüquqi prosedurlar tamamlanıb və bölgü rəsmi şəkildə həyata keçirilib.
Fatih Ürekin sərvəti arasında Bodrumda yerləşən və təxminən 170 milyon TL dəyərində qiymətləndirilən lüks villa, İstanbulun Ataşehir bölgəsində 5 mənzil, təxminən 6 milyon TL dəyərində avtomobil, həmçinin çoxsaylı zinət əşyaları və nağd vəsait yer alır.
Qeyd edək ki, sənətçi sağlığında öz adını daşıyan məktəbin tikilməsini arzuladığını dəfələrlə dilə gətirmişdi. Bu istəklə bağlı gələcəkdə hansı addımların atılacağı isə hələlik məlum deyil və ictimaiyyətin diqqətində qalmaqdadır.