BMT İnsani İşlər Koordinasiya Ofisinin Yəmən üzrə bölməsi maliyyə çatışmazlığı səbəbindən humanitar yardımlarda ciddi geriləmə yaşandığını və bunun nəticəsində milyonlarla insanın aclıq təhlükəsi ilə qarşılaşdığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, qurumun sosial media hesabında yayılan məlumatda bildirilir ki, hazırda Yəmən əhalisinin təxminən 22,3 milyonu humanitar yardım və qorunmaya ehtiyac duyur. 2026-cı il etibarilə ölkədəki vəziyyətin “kritik dönüş nöqtəsinə” çatdığı vurğulanıb.
Açıqlamada qeyd olunur ki, artan ehtiyaclara baxmayaraq maliyyə vəsaitlərindəki kəskin azalma həyati əhəmiyyətli yardımların demək olar ki, dayanmasına səbəb olub. Əgər təcili tədbirlər görülməzsə, ölkədə sosial sabitlik pozula və əsas sistemlər tamamilə çökə bilər.
BMT nümayəndələri xəbərdarlıq edir ki, maliyyə böhranı aradan qaldırılmasa, təxminən 18 milyon insan ciddi aclıqla üzləşəcək.
Bundan əlavə, ölkədəki səhiyyə müəssisələrinin təxminən 40 faizinin ya ümumiyyətlə fəaliyyət göstərmədiyi, ya da məhdud xidmət verdiyi qeyd olunub. 2026-cı il Humanitar Müdaxilə Planı çərçivəsində isə 2,16 milyard dollar həcmində təcili maliyyə dəstəyinə ehtiyac olduğu bildirilib.