İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisi Press TV-yə müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu addımlara inanmır. Belə ki, 2025-ci ildə keçirilən əvvəlki iki danışıqlarda ABŞ-ın konstruktiv dialoq aparmaq üçün heç bir niyyəti olmayıb və sonradan İrana qarşı hərbi müdaxilə edib.

Eyni zamanda adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı beş konkret şərti açıqlayıb: ABŞ və İsrail tərəfindən "təcavüz və qətl"in tamamilə dayandırılması, İrana yenidən müharibənin tətbiq edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması, müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi, bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması, İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirmək suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

Qeyd edək ki, ABŞ İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan təqdim edib.