Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Yusifqızının vəfatı ilə bağlı rəsmi nekroloq yayıb.
Metbuat.az xəbər verir ki, nekrolqoda deyilir:
Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.
Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov), “Ana tarla” (Ç.Aytmatov), “Şeytanın şagirdi” (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.