“Statistika istənilən cəmiyyətin, ölkənin və ölkə rəhbərliyinin əsas metodoloji alətidir”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri Baş nazir Əli Əsədov Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda deyib.

Baş nazir bildirib ki, Azərbaycan statistkanın inkişafına böyük önəm verir və son illərdə statistika təşkilatı inkişaf edib. Prezident və hökumət Statistika Komitəsinin fəaliyyətindən razılığını ifadə edib:

“Azərbaycan hökuməti son illər ərzində 6 dövlət proqramını qəbul edib. Statistika elə bir alətdir ki, nəinki iqtisadi, cəmiyyətin bütün sahələrinin dünənini, bugününü formalaşdırmaq üçün əsaslar hazırlayır. Biz Azərbaycan hökuməti olaraq gündəlik ondan istifadə edirik. İnkişafı qiymətləndirmək üçün hansısa bazalar lazımdır, bu statistik məlumatlar bizim inkişafımızı və atdığımız addımları qiymətləndirməyə imkan verir”.

Əli Əsədov qeyd edib ki, bütün sahələrdə olduğu kimi, statistika da müasir dövrdə öz inkişafını yaşayır. Rəqəmsal inkişaf, İT texnologiyaları, süni intellekt, yeni metodlar statistikanı daha çevik və əlçatan edir: “Forumda yeni layihələr, yeni yanaşmalar öz əksini tapacaq. Azərbaycan hökuməti və öz adımdan sizi qarşıda gələn 20 oktyabr – Statistika Günü münasibətilə təbrik edirəm”.

Sevinc İbrahimzadə / Metbuat.az